Bayraq dövlət üçün necə simvoldursa, dəyərdirsə, ordu da elədir! Demək ki, ordunu da aşağılamaq, gözdən salmaq, ona xəyanət etmək xətalıdır, günahdır! Xəyanət edənin onsuz da cəzası var- dövlət mühakimə edər, bədəlini ödətdirər. Ordunun nüfuzunu aşağılayan kəlmələrə cəza verilməsə də, mənəvi məsuliyyəti ağır olar.
Bu gün sosial şəbəkələrdə hansısa hadisələr üzərindən bütövlükdə ordu anlayışına əyri yanaşmaq, bütün ordunu ləkəli göstərmək tendensiyası bəyənilə bilməz, əksinə bunu kampaniyaya çevirmək Qalib Ordunun haqqını verməmək demək olardı. Bunu bilərəkdən, yaxud bilməyərəkdən edənlərin hər biri mənəvi məsuliyyət daşıyır.
Ordu dövlətin gücüdür, təhlükəli məqamlarda dövlətin xilaskarıdır. Niyə orduya vəsait çox ayrılır? Güclü olması, bütün çətin situasiyalardan qalib çıxması üçün. Azərbaycan milli ordusunun şərəfli tarixi var-lap əvvəllərə gedib çıxarsaq. Sonra da şərəfli idi, baxmayaraq ki, içərisinə xainlər doluşmuşdu, Vətənə fürsət düşdükcə xəyanət edirdilər. Amma o 5-10 adamın xəyanəti idi, bütün ordu çirkaba batmamışdı. Ordunun sağlam hissəsi üzərində düşünülmüş siyasət elə gözəl nəticələr verdi ki, 30 ildən sonra o ordu gedib Ermənistanla üz-üzə dayandı və Vətənin itirilmiş hissəsini geri qazandı.
Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq sənədlər, xarici masalar, dünya liderləri yox, məhz ordu təmin etdi. Necə? Müasir silahlar, texnikalar bir yana, içərisindəki qeyrətli əsgərlə, fədakar zabit heyəti ilə, Polad Həşimov kimi şəhid olan generalla.
İndi Azərbaycan Ordusu elə bir zirvədədir ki, onun gücünə, peşəkarlığına heç kim şübhə etmir. Regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu sözün həqiqi mənasında hamının fəxr, güvən yerinə çevrilib!
Fakt ondan ibarətdir ki, Azərbaycan düşməni məğlub etsə də bu gün hələ də ölkəmiz hərbi situasiyanın içərisindədir. Ermənilərin sərhəddə ara-sıra pozduğu atəşkəsə Azərbaycan tərəfindən sarsıdıcı cavab reaksiyası var və bu da artıq Böyük Qələbə istəyi digər təminatlarla tamamlanan Qalib Ordunun varlığının, gücünün daha bir əyani göstəricisidir.
Mövcud vəziyyət hərbi büdcəni stabil saxlamamağı, ordunu daha da gücləndirməyi tələb edir ki, hazırda Azərbaycan hakimiyyəti bunu həyata keçirməkdədir. Müzəffər Azərbaycan Ordusunun daha da müasirləşdirilməsi, müvafiq kadr dəyişikliklərinin həyata keçirilməsi göz önündədir. Anlamaq lazımdır ki, ordu haqqında danışanda, nəsə yazanda diqqətli olmaq lazımdır. Ordu ilə bağlı hər hansı dəqiqləşdirilməmiş məlumatın tirajlanması ümumi işə zərbə vurmaqla yanaşı, düşmənin əlinə oynamaqdan başqa bir şey deyil. Eyni zamanda, qanunla hərbi sirrin qorunması faktı nəzərdən qaçırılmamalı, qanun çərçivəsində davranılmalıdır!
Onu da anlamaq vacibdir ki, orduda şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və qanunla hərbi-dövlət sirri sayıla bilər. Bu səbəbdən də Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Ordu haqqında bu kimi məlumatların yayılmasından qaçmaq, məsuliyyətli olmaq lazımdır.
Hazırda Azərbaycan Ordusu düşməndən azad edilən torpaqlarımızı əzmlə, böyük ruh yüksəkliyi ilə qorumaqdadır. Paralel olaraq peşəkar hərbi kadrların hazırlanması, ordunun beynəlxalq standartlara uyğunlaşdırılması, sosial təminatının daha da gücləndirilməsi işi həyata keçirilir.
İllərdir bu siyasətin qətiyyətli, prinsipial şəkildə aparılması dünya çapında güclü Azərbaycan Ordusu meydana çıxarıb. Yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, döyüş qabiliyyətini daim artıran, sosial bazası gücləndirilən, peşəkarların cəmləşdiyi Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə dünyanın nüfuzlu hərbi məktəblərində öyrənilməkdədir.
Müharibənin Azərbaycanın xeyrinə bitməsində Ordumuz öz sözünü deyib. Bu hələ son deyil. Postmüharibə dövründə sərhəddə, sərhədlərin tanınması prosesində inamın, qətiyyətin, əzmin müəllifi məhz Azərbaycan Ordusudur!!!
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


