Mingəçevir şəhər Bələdiyyəsinin sabiq sədri Coşqun Əli oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Bu barədə Demokrat.az-a Mingəçevir şəhər Məhkəməsindən bildirilib.
Məlumata görə, Coşqun Abdullayevin cinayət işi araşdırılması üçün hakim Məhburə Kərimovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 13-ə təyin olunub.
İstintaq orqanı tərəfindən Coşqun Abdullayevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan olunub.
İttihama görə, Mingəçevir bələdiyyəssabuinin sədri vəzifəsində işləmiş Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Aparılmış istintaqla Coşqun Abdullayevin bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyən edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Mingəçevir şəhər Bələdiyyəsi tanınıb.
Fariz Məlikli Demokrat.az


