Yaşayış və qeyri-yaşayış sahələrindən kirayə müqavilələri üzrə, habelə kommunal xidmətləri üçün borcun alınmasına dair tələblər dəyişib, tələblərin əhatə dairəsi genişləndirilib.
Nazirlər Kabineti bununla bağlı ""Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda dəyişiklik edib.
Yeni tələblər dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçilərə də şamil olunacaq. Beləliklə, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunacaq:
- yaşayış sahəsinə və yaşayış sahəsinin saxlanması və təmirinə görə dövlət mənzil fonduna münasibətdə Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş haqqın ödənilməməsi barədə qəbzin surəti:
- borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.
Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblərə gəlincə, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunacaq:
- yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün–belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
- dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
- mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
- yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.
Borclu barəsində göstərilən tələblər üzrə müvafiq sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi barəsində yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı yetərli olacaq.
Qeyd edib ki, indiyə qədər yaşayış sahələri kirayəçilərinin mənzil haqqı üçün qanunla müəyyən edilmiş müddətdə ödəmədikləri hesablar və kommunal xidmətləri -su kəməri, kanalizasiya, kanalizasiyanın olmadığı evlərdə çirkab quyularının maye çirkablardan təmizlənməsi, elektrik enerjisi, radio, qaz və sairə üçün müddəti keçirilmiş ödənişlərin hesabları təqdim olunmalı idi. İcra qeydi almaq üçün kirayəçiyə göndərilmiş hesabın tələbkar tərəfindən təsdiq olunmuş surəti təqdim edilib, burada kirayə haqqının miqdarı barədə məhkəmə mübahisəsinin olmaması haqqında və kirayəçiyə yazılı xəbərdarlıq verildikdən sonra borcun ödənilməməsi haqqında tələbkarın qeydi olmalı idi. (BakuPost)


