"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mühüm strateji əhəmiyyətə malikdir. Dövlətimizin başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ifadə edilən fikirlər ikitərəfli münasibətlərin inkişafının, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin xüsusi diqqət mərkəzində olduğunu göstərdi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya diplomatik təmasları postkonflikt mərhələsində bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından böyük önəm daşıyır:
“Yeni mərhələdə Azərbaycan dövləti tərəfindən görülən işlər, irəli sürülən strateji təşəbbüslər regionda bütün xalqlar və dövlətlərin mənafeyinə cavab verir, mühüm siyasi-iqtisadi dividendlər vəd edir. Daha dəqiq desək, yaranmış unikal və universal əməkdaşlıq imkanları, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada rifah və inkişaf vəd edir. Bununla yanaşı, Azərbaycan həm ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinin tam icra olunması, həm sülh müqaviləsinin imzalanması, həm də regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması məsələləsi ilə əlaqədar qətiyyətli, birmənalı mövqe nümayiş etdirir. Bu mövqe həm də ölkəmizin regionun perspektiv inkişafı ilə bağlı aydın strateji baxışlarının olduğunu göstərir. Düşünürəm ki, hazırkı mərhələdə Azərbaycan dövlətinin atdığı addımlar tarixi qələbəmizin möhkəmləndirilməsi, ölkəmizin diplomatiya müstəvisində mövqeyinin gücləndirilməsi baxımından olduqca önəmlidir”.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini öz milli gücü və hərbi-siyasi resursları ilə həll etdiyini diqqətə çatdıran Nurlan Qələndərlinin sözlərinə görə, Ermənistan yeni şəraitdə reallıqlara uyğun davranmalı, praqmatik mövqe sərgiləməlidir:
“Dövlətimizin başçısı Rusiya Prezidenti ilə görüşü zamanı “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”,- deyə bildirdi. Azərbaycanın strateji mövqeyi prinsipial xarakter daşıyır. Həmçinin, reallıq budur ki, Ermənistan üçtərəfli bəyanatda nəzərdə tutulmuş bir sıra öhdəlikləri tam və zamanında yerinə yetirməkdən yayınmaqla pozuculuq fəaliyyəti göstərir. Lakin məğlub ölkənin siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, Ermənistan, eləcə də ona havadarlıq edən bəzi xarici güc mərkəzləri regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ona görə də, məğlub ölkə öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, delimitasiya üzrə işçi qrup yaradılmalı və sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır. Bütün şərtləri yeni reallıqlar yaradan qalib və haqlı Azərbaycanın diktə etdiyi şəraitdə Ermənistanın başqa yolu – alternativ şansı yoxdur”.
Aygül Qarayeva Demokrat.az


