Gündəm

Politoloq: "Ermənistan hətta öz xalqına qarşı da humanist dəyərlərə zidd olan siyasət yürüdüb"

Politoloq: Ermənistan hətta öz xalqına qarşı da humanist dəyərlərə zidd olan siyasət yürüdüb

"Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı Azərbaycan ərazisində terror-təxribat və başqa bənzəri əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi yekunlaşdı. Bununla da tarixən Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı törətdiyi terrorçuluq, təxribat hərəkətləri bir daha təkzibedilməz faktlarla sübuta yetirildi".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O, Ermənistanın vətəndaşlarını məcburən hərbi xidmətə göndərdiyinin növbəti dəfə sübut olunduğunu bildirib:

"Məhkəmənin qərarına əsasən Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edildi. Aydın oldu ki, bu insanlar ümumiyyətlə nə hərbi xidmətə getmək, nə də döyüşlərdə iştirak etmək istəyiblər. Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Bununla yanaşı, bir fakt da üzə çıxıb ki, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, normal həyat standartları axtarışı ilə dəfələrlə xarici ölkələrə üz tutmuş insanlardılar. Bütün bu faktlar sübut edir ki, Ermənistanda vəziyyət nə dərəcədə ağırdır. Ermənistan hətta öz xalqına qarşı da humanist dəyərlərə zidd olan siyasət yürüdüb".

Politoloq Azərbaycanın saxlanılan şəxslərə göstərdiyi humanizmlə hər baxımdan ən çətin dövrünü yaşayan Ermənistana növbəti dəfə dərs verdiyini vurğulayıb:

"Məlum məsələdir ki, Ermənistanda demoqrafik prinsiplər illərdir pozulur. Ölkədə hökm sürən ağır iqtisadi-sosial vəziyyətdən əziyyət çəkən, bundan yaxa qurtamaq istəyən gənclər işsizlik, pis dolanışıq ucbatından xaricə üz tutublar. Bununla yanaşı, müharibə dövründə və ondan sonra fərarilik hallarının sayı durmadan artırdı, bunu onların rəsmi şəxsləri də etiraf edirdilər. Müharibədən sonra fərarilik faktları ilə bağlı açılan cinayət işlərinin sayı 10 mini keçib. Hərbi xidmətdən imtina etmə, hərbi hissəni özbaşına tərketmə, ordudan qaçan əsgərlərin bəzilərinin polis tərəfindən güc tətbiq olunaraq yenidən orduya məcburən qaytarılması faktları da hər kəsə məlumdur. Bunları bilən çoxsaylı gənc tutulacaqlarını bilərək başqa ölkələrə qaçırlar.

Bu ölkə öz vətəndaşlarının normal yaşaması üçün çalışmaq əvəzinə, onların fundamental insani ehtiyaclarının təmin olunması əvəzinə qonşu dövlətə qarşı tarixən işğal siyasəti yürüdüb, ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətləri həyata keçirib. Ermənistandan fərqli olaraq qanunun aliliyi prinsipini hər zaman prioritet hesab edən, humanizm nümayiş etdirən Azərbaycan dövləti hərbi əsirlərə və sərhədi qanunsuz şəkildə pozaraq ərazimizə daxil olan Ermənistan vətəndaşlarına humanist münasibət nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb. Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan həm mülki şəxslərimizə, həm də hərbçilərimizə amansız münasibət sərgiləyib, onlara ağır işgəncələr verib".

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az