“Biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə vurğuladığı bu fikirlər bütün cəmiyyətə, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara, gənc nəslə ünvanlanmış mesajdır. Hər bir azərbaycanlı tarixin acı dərslərindən nəticə çıxarmalı, faciələrimizi, onların baş vermə səbəblərini bir an olsun unutmamalıdır.
Prezidentin çıxışındakı bu məqamı gələcəklə bağlı fəaliyyət planı kimi qəbul etmək vacibdir. Söhbət ondan gedir ki, bu günlə bağlı hər hansı əndişə yoxdur. Tarixdə özünün ən güclü dövrünü yaşayan Azərbaycan daha da inkişaf etməkdədir, onun imkanları region müstəvisindən kənara çıxıb. Gənc müstəqil dövlət böyük güc mərkəzlərində təmsil olunmaqdan, belə qurumlara rəhbərlik etməyə qədər irəliləyib; tam müstəqil, maliyyə baxımından heç kimdən asılı olmayan ölkəyə çevrilib.
Amma dövlət olaraq gələcəkdə tarixin təhrif olunması, gəncliyin səhv istiqamətə yönləndirilməsi kimi meyllərdən sığortalanmamışıq. Azərbaycanın indiki güclü vəziyyətindən narahat olanlar, xüsusilə ermənilər, onlara bağlı dairələr öz çirkin fəaliyyətlərinə ara vermirlər, əksinə bu işləri daha da intensivləşdirirlər. Bu faktın özü bizə sayıqlığımızı, tariximizi, başımıza gətirilənləri bir an olsun belə unutmamağı diqtə edir və Prezidentin qeyd olunan fikirlərinin arxasında məhz bu məqamlar dayanır.
Əfsus ki, məhz unutqanlığımız, ermənilərin əsl sifətini görməzdən gəlməyimiz yeni-yeni faciələrimizə yol açıb. 70 il keçmiş SSRİ-nin tərkibində yaşadığımız dövrdə ermənilərin ötən əsrin əvvəllərində başımıza gətirdiyi faciələri bizə unutdurmağa çalışdılar. Bunun nəticəsi o oldu ki, 90-cı illərin əvvəllərində ermənilər Azərbaycanda yaranmış hakimiyyət boşluğundan, fürsətdən yararlanaraq dövlətimizə, xalqımıza, torpağımıza qarşı növbəti soyqırımı aktını, işğalçılıq siyasətini gerçəkləşdirdilər...
30 ildən sonra güclü Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək, əzəli torpaqlarına geri dönüb, Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbənin ardınca bölgədə davamlı sülhün bərqərar olması üçün fəaliyyət ortadadır. Müharibədən ötən 7 ayda 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın bir sıra müddəaları icra olunub və proses davam edir. Ermənilərin müəyyən revanşist, həmçinin təxribat xarakterli davranışları nəzərə alınmasa, əldə edilən razılığa əməl olunmaqdadır. Bütün hallarda münaqişənin yenidən alovlanması mümkün görünmür. Səfil durumda olan Ermənistanın “məğlubedilməz ordusu” tamamilə məhv edilib. İqtisadi, sosial fəlakətlərlə baş-başa qalan Ermənistan yenidən müharibə aparmaq imkanında deyil. Bu ölkə üçün yeganə çıxış yolu Azərbaycanla əlaqələrin bərpasıdır.
Bir sözlə, iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına ümidlər böyükdür və proseslər həmin günü yaxınlaşdırmaqdadır.
Fəqət atəşkəs, sülh müqaviləsi və s. bu kimi sənədlər heç bir halda Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərini unutdurmamalıdır. Bu baxımdan Prezident İlham Əliyevin yuxarıda vurğuladığı fikirlər olduqca önəmlidir.
Böyüməkdə olan Azərbaycan gənci bütün baş verənləri bir an olsun yadından çıxarmamalıdır. Dünyanın harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu tarixi, xalqımızın başına gətirilən fəlakətləri gələcək nəsillərə ötürməlidirlər. Həqiqətlərin dünyaya çatdırılması işi davamlı olaraq həyata keçirilməlidir. Baş verənlər barədə kitablar yazılmalı, filmlər çəkilməli, erməni vəhşilkiləri, tarixi qələbəmiz dərsliklərdə əks olunmalıdır. Əgər biz millət olaraq, Xocalı faciəsini, faşist xislətli düşmənin qədim yurd yerlərimizdəki barbarlığını unutsaq, bu, növbəti faciəmizin başlanğıcı olacaq. Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlı dövlət yaratmağa nail olan ermənilərin tarixən xalqımıza qarşı etdiyi vəhşiliklərdən nəticə çıxarmalı, gələcək fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq. Harada yaşamasından, siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin daha da güclənməsinə töhfə verməlidir.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


