Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hazırda Dağlıq Qarabağın statusu problemini qaldırmamalı olduğu barədə bəyanatı özündə bir sıra mühüm məqamları ehtiva edir. Buradan belə məlum olur ki, Dağlıq Qarabağın status məsələsi Rusiya üçün aktuallıq kəsb etmir.
Rusiya bölgədə kommunikasiya xətlərinin bərpasının, əlaqələrin qurulmasının tərəfdarı kimi daha çox bu istiqamətdə çalışmalara üstünlük verir.
Proseslərin gedişatı proqnozlaşdırmağa tam əsas verir ki, zaman keçdikcə status məsələsi gündəmdən kənarda qalacaq.
Reallıq status məsələsini “diriltməyin” mümkünsüzlüyünü ortaya qoyur. Azərbaycan ötən ilin noyabr ayında əldə etdiyi Zəfərlə illərdir Ermənistanın danışıqlar prosesində nail olmaq istədiklərini heçə endirib. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə göndərilib, Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozulub.
Heç kimə gizli deyil ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Dağlıq Qarabağın status məsələsi hər danışıqlar zamanı öndə dayanırdı. Azərbaycanın tarixi ərazisi olan keçmiş DQMV, o cümlədən Şuşa şəhəri danışıqların fövqündə saxlanılırdı və yeni-yeni cəfəng iddialarla proses uzadılırdı.
Azərbaycanın təkbaşına qazandığı Qələbə tam əks reallıq yaradıb; hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.
Bu gün Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar iddiaları yada düşmür, kimsə bunu gündəmə gətirdikdə reallıqla müqayisədə gülünc mənzərə yaranır. Bütün proseslərdə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərin tanınması prinsipi öndədir və aparılan işlər də bu istiqamətdə gedir.
Azərbaycan status-kvonu kökündən dəyişib və bu gün münaqişənin həlli şərtlərini rəsmi Bakı diqtə edir.
Müharibədən ötən 6 ayda Azərbaycan azad etdiyi bütün mövqelərdə daha da güclənib, öz tarixi ərazilərində söz sahibinə çevrilib.
Nəticə birdir: regionda Azərbaycanın maraqlarına cavab verən tamamilə yeni siyasi reallıq yaranıb və 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulub, Ermənistanın cəfəng iddiaları məhv olub.
Ermənistanın durumu isə göz önündədir. Bu ay keçiriləcək seçki öncəsi onsuz da aylardır gündəmi xaos olan Ermənistanın gələcəyi sual altındadır. Hazırda Ermənistan siyasiləri Qarabağa ancaq siyasi divident qazanmaq üçün predmet kimi baxır. Azərbaycanın öz tarixi ərazilərini geri aldığı qəbullanıb.
Rusiya regionun əsas dövlətlərindən biri və münaqişənin həlli ilə bilavasitə bağlı dövlət kimi Ermənistanın gələcək inkişafının Azərbaycanla əlaqələrin qurulmasından asılı olduğunu yaxşı anlayır.
Prezident Vldimir Putinin müharibədən sonra Qarabağın Azərbaycanın ərazisi olması barədə bəyanatlarını da nəzərə alsaq, rəsmi Moskvanın status məsləsinə yanaşması ilə bağlı əlavə nəsə deməyə ehtiyac qalmır.
Erməni lobbisinin çabaları qarşısında bir sıra ölkələrin yanaşmalarını çıxsaq, dünyanın əsas gücləri də reallığı qəbul edib. İndi Rusiya, Çin, Türkiyə, Avropa İttifaqına daxil olan ölkələri regionda yeni əməkdaşlıq layihələri düşündürür. Əsas hədəf Zəngəzur dəhlizinin bir an öncə bərpası, yeni iqtisadi nəfəsliyin açılmasıdır.
Unudulmaqda olan status məsələsi isə zaman-zaman tam gündəlikdən çıxacaq. Gələcəkdə Azərbaycanın maraqlarına zidd heç nə qalmayacaq...
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


