"Müsabiqələr tamamilə yeni şərtlər əsasında formalaşıb. Əvvəllər yalnız çap mətbuatına dövlətin maddi dəstəyi vardısa, artıq bu layihələrlə onlayn mediaya da maliyyə yardımı nəzərdə tutulub. Qoyulan tələblərə uyğun gələn elektron media nümayəndələri nəzərdə tutulan dəstəyi ala biləcəklər".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqələrlə bağlı danışarkən deyib.
O, onlayn mediaya dövlət dəstəyinin ayrılmasının müsbət hal olduğunu bildirib:
"Onlayn mediaya dövlət dəstəyinin ayrılması müsbət haldır. Biz də dövlətin onlayn mediaya dəstək ayırması məsələsinin üzərində dayanırdıq, yəni bu məsələ gündəmdə idi. Sevindirici haldır ki, artıq məsələ həll olundu. Bu yardım çərçivəsində saytların maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulur və saytların yenidən qurulması üçün ilk növbədə 5 min manat vəsait ayrılıb".
Akif Aşırlı çap mediaya vəsaitin ayrılması ilə bağlı yeni şərtlərin hazırlanmasının müsbət irəliləyişə səbəb olacağını qeyd edib:
"Çap mediasına gəlincə, qəzetlərə əvvəllər də maliyyə ayrılıb, amma bunun üçün də yeni təkliflər işlənilib. Artıq qəzetlər gündəlik və həftəlik nəşr olunacaq. Günaşırı çap edilən qəzetlərə maliyyə yardımının ayrılması nəzərdə tutulmur. Həmçinin şərtlərdə müəyyən yumşaldılmalar nəzərə çarpır. Əsas dəyişiklik tiraj sayı ilə bağlı tələbin azaldılmasıdır. Bütün bunlar göstərir ki, çap mediasına yeni maliyyə sistemi ilə dəstək göstərilməsi nəzərdə tutulur.
Hər kəsə məlumdur ki, çap mediası strateji məhsuldur və jurnalistika ənənələrinin davamçısıdır. Qəzetlər həmçinin müəyyən yaş qrupunun və elitar təbəqənin alıb oxuduğu məhsuldur. Bu baxımdan, qəzetlərin yaşamağı tamamilə dövlətin çiyinləri üzərindədir. Bunun üçün bütün media subyektlərinə bərabər imkan və şəraitin yaradılması nəzərdə tutulmalıdır. Bu edilərsə, dövlətin üzərində böyük yük olmaz".
Aygül Qarayeva Demokrat.az


