Niderland Krallığının Barbant əyalətinin Osterveyk şəhərinin Meri Hans Janssen Azərbaycan Xalq Cümhuriyyətinin 103 yaşı münasibəti ilə Osterveyk şəhər meriyasının binasında Azərbaycan bayrağını ucaldıb.
Demokrat.az xəbər verir ki, Osterveyk şəhərinin Meri Hans Janssen Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımova ünvanladığı məktubda Azərbaycan xalqını və Avropada yaşayan Azərbaycan icmalarını təbrik edib, Azərbaycan Respublikasına xoş gələcək və uğurlar arzulayıb.
Qeyd edək ki, Osterveyk şəhərində Niderlandın Milli Qəhrəmanı, həmyerlimiz Məmməd Məmmədov dəfn edilib. Osterveyk şəhərində həmyerlimizin şərəfinə abidə və "Mammadovpad" adlı küçə var.
1941-1945-ci illərdə Niderlandda“Medo” ləqəbi ilə məşhur olan Məmməd Məmmədov Barbant əyalətində alman faşistlərinə qarşı müqavimət hərəkatına rəhbərlik edib.
Məmməd Məmmədov "Oranc-Nassau Kral ailəsinin Cəngavəri" ordenini, həmçinin Kraliyyət Sarayının “Fəxri üzvü”titulunu almışdır. Məmməd Məmmədov həmçinin Osterveyk şəhərinin ilk fəxri vətəndaşıdır. Avropa Azərbaycanlılar Konqresi qəhrəmanın doğulduğu Zaqatalanın Muğanlı kəndində onun ev muzeyini açıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə 2019-cu ildə Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun qızı Nancy Domen və ailəsi ilə Bakıda görüşüb.
Aygül Qarayeva Demokrat.az


