"Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca hərbi təxribatların da intensivliyi artır. Seçkidə qalib gəlmək istəyən istənilən tərəf erməni zabitləri ilə əlaqə yaradıb hansısa təxribatı törətmək iqtidarındadır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın son günlər Azərbaycana qarşı törətdiyi hərbi təxribatları barədə danışarkən deyib.
Deputat hesab edir ki, bu vəziyyət bölgədə təhlükəsizlik üçün ciddi maneələr yaradır və üçtərəfli sazişlərin ruhuna daban-dabana ziddir: "Heç kimə sirr deyil ki, Ermənistan son günlər xüsusilə hərbi təxribatlarını intensivləşdirib. Bir neçə gün öncə Kəlbəcər, Şuşa, Gədəbəy istiqamətlərində, dünən gecə isə yenə Kəlbəcər istiqamətində növbəti hərbi təxribata əl atıblar. Bildiyimiz kimi, bu gün Ermənistanda hakimiyəyyətsizlikdir və hazırda Paşinyanın silahlı qüvvələrə nə dərəcədə rəhbərlik edə bildiyini demək çətindir. Bir çox hallarda belə təxribatlar məqsədyönlü şəkildə həyata keçirilir. Seçkiqabağı namizədlər ictimai rəydə daha çox reytinq qazanmağa çalışırlar. Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca hərbi təxribatların da intensivliyi artır".
Elman Nəsirov bildirib ki, revanşistlər belə addım atmaqla işğaldan azad edilmiş torpaqlarımızı geri qaytaracaqlarını hesab edirlərsə, yanılırlar: "Bu, sadəcə xülyadır. Ümumiyyətlə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, revanşizmin reallaşma əmsalı sıfıra bərabərdir. Seçkilər yaxınlaşdıqca bəyanatlar vermək, populizm mövqeyindən çıxış etmək mümkündür, amma göründüyü kimi, reallıq öz şərtlərini diqtə edir. Sual yaranır ki, Ermənistan hansı ordusu ilə Azərbaycanın qarşısına çıxacaq?! Ölkənin ordusu məhv edilib, ordunun 10 mindən çox fərarisi var, iqtisadiyyat iflic vəziyyətdədir... Hansı gücləri ilə Azərbaycanla üz-üzə gəlmək niyyətindədirlər?! Bu səbəbdən, fikrimcə, seçkilər yaxınlaşdıqca belə təxribatların intensivliyinin artması proqnozlaşdırılan idi. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Həmçinin hesab edirəm ki, bu məsələdə Rusiyanın da qəti və prinsipial mövqeyi olmalıdır. Çünki Rusiya bu prosesdə vasitəçi kimi çıxış edib və Ermənistana təsir etmək gücünə malikdir. Ermənistan Azərbaycanı müəyyən ölçülər götürməyə vadar edir və onlar nəzərdən qaçırmamalıdırlar ki, bu, ermənilər üçün çox ciddi problemlər yarada bilər".
Demokrat.az


