"Operativ Qərargahın koronavirusa qarşı tətbiq etdiyi karantin qaydalarının müddəti iyun ayına qədərdir. Karantin rejiminin bu müddətdə tam qaldırılacağını demək olmaz. Gündəlik yoluxanların, sağalanların və vaksin olunanların sayına nəzər yetirərək, yekun qərar verilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıq havada maska taxmaq qərarının mümkün ləğvi ilə bağlı danışarkən deyib:
"İnsanların bu mənada istəyini başa düşürəm, amma hələ də səbrli davranmalıyıq. Ötən müddət ərzində çox böyük güc, səbr göstərərək çətin dövrü geridə qoymuşuq. Bundan sonra da dözümlü olmalıyıq. Açıq havada maskadan istifadənin ləğvi ilə bağlı qərarı Operativ Qərargah verə bilər. İnsanların bu dövrü daha rahat keçirməsində, əvvəlki həyatın bərpa olunmasında hökumət orqanları da maraqlıdır.
Yəqin ki, ayın sonuna yaxın Operativ Qərargah yeni qaydaların tətbiqi ilə bağlı qərar verəcək. Ümid edirik ki, onların içərisində hər kəsin diqqətində olan bu məsələ də olacaq. Hələ ki, maskadan istifadə, şəxsi gigiyena qaydalarına riayət olunması, sosial məsafəni saxlamaq tələb edilən qaydalardandır.
Həmçinin vətəndaşlardan da xahişimiz odur ki, öz öhdəliklərini yerinə yetirsinlər. Həm öz sağlamlıqları, həm də ailə üzvlərinin təhlükəsizliyi üçün vaksinasiya olunsunlar".
Aygül Qarayeva Demokrat.az


