“1992-ci il may ayının 18-də dağlar qoynunda yerləşən və öz gözəlliyi, füsunkar təbiəti ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim oldu. Laçın da Şuşa kimi ölkəmiz üçün mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Həmin il Şuşanın işğalı Laçının taleyini həll etdi. Bununla da Laçının işğalına yol açıldı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün vacib rol oynayan əzəmətli Laçının işğal olunmasına şərait yaratdı. Beləliklə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yarandı”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, həmin dövrdə Ermənistan siyasi-hərbi rəhbərliyi üçün Laçının mövqeyi olduqca vacib idi, rayonun işğal edilməsi ilə Dağlıq Qarabağın talehi həll olunurdu: “İşğal olunandan sonra sözügedən rayonun sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi və dini abidələrimiz, memarlıq nümunələrimizin o torpaqlardan izləri silindi. Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz və dövlətimiz 1 dekabr 2020-ci il Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədləri və ərazi bütövlüyünü təmin etdi. Artıq Azərbaycan-Ermənistan dövlət sərhəddinin sonuncu santimetrinə kimi Azərbaycan əsgərləri post qurub, dayanıblar. Məhz müharibədə qazanılan qələbə ilə Laçın və iki böyük rayonun döyüşsüz təhvil verilməsi təmin olundu. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı. Laçının azad olunması ilə Laçın dəhlizi Qarabağımızla Türkiyəni Qubadlı, Zəngilan və Zəngəzur dəhlizi marşrut xətti ilə quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat qələbənin göstəricisidir. Müzəffər Ali Baş Komandanın qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. 29 il sonra Laçın 18 may gününü azadlıqda qarşılayır. Hazırda laçınlıları qısa müddətdə doğma dədə-baba yurdlarına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir”.
Demokrat.az


