Kriminal

İrandan qaçaqmalçılıq yolu ilə narkotik keçirən şəxsə hökm oxundu

İrandan qaçaqmalçılıq yolu ilə narkotik keçirən şəxsə hökm oxundu

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Mayıs Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mayıs Mirzəyev 21 yanvar 2020-ci ildə İran İslam Respublikasının Astara şəhərində müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd siqaret kötüyünə yerləşdirilmiş, təmiz çəkisi 0,752 qram təşkil edən narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib.

O, yanvarın 22-ə keçən gecə İrandan Azərbaycan Respublikasına qayıdarkən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.

İstintaq orqanı tərəfindən Mayıs Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 206.3.1-ci (təkrar qaçaqmalçılıq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıs Mirzəyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mayıs Mirzəyevin müdafiəçisi apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti qismən təmin olunub. Mayıs Mirzəyevin cəzası 5 il 2 aya endirilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az