Gündəm

"Axı Araz Əlizadə Söyün Sadıqova nə xeyr verə bilərdi?" - İqbal Ağazadə bir MİLYON İDDİA BARƏDƏ

Axı Araz Əlizadə Söyün Sadıqova nə xeyr verə bilərdi? - İqbal Ağazadə bir MİLYON İDDİA BARƏDƏ

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə azərbaycanlı oliqarx Söyün Sadıqovun Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin ondan 1 milyon dollar pul istəməsi barədə səsləndirdiyi fikirlərinə münasibət bildirib.

İqbal Ağazadə Demokrat.Az-a açıqlamasında deyib ki, Araz Əlizadəyə maddi dəstəyin verilməsi faydasız işdir:

"Söyün Sadıqov deyirsə, yəqin ki, bu iddiasını nəyəsə görə əsaslandıra bilər. Ancaq mən bir şeyi dəqiq bilirəm ki, son parlament seçkilərində eyni dairədən mübarizə apardığım Araz Əlizadə nə qədər pul xərcləsə belə, mənə uduzmuşdu, seçicilərdən lazımı səsi ala bilməmişdi. Bununla bağlı əlimdə protokollar var. Araz Əlizadə deputat seçilməmişdi, həmin dairənin nəticələri saxtalaşdırılmışdı. Yəni, Araz Əlizadə kimdən nə qədər pul alıb xərcləsə belə, o deputat seçilə bilməz. Son parlament seçkilərində Araz Əlizadə 9970 səsimə qarşı cəmi 401 səs yığmışdı. Birdə hərbi hissədən ona 15000ə yaxın səs gəlmişdi. Onun əhalidən aldığı səs cəmi 401 idi".

Partiya sədri həmkarını sərt şəkildə tənqid də edib:

"Söyün Sadıqov axı nə üçün Araz Əlizadəyə maliyyə dəstəyi verməlidir? Araz Əlizadənin nə nüfuzu var ki, iş adamına, millət üçün nə isə edə bilsin. İş adamları o adama dəstək verir ki, onun az-çox nüfuzu olur. Araz Əlizadə heç özü-özünə xeyr verməyib. O, ağızını açıb-danışan kimi özünü söydürür. Hətta, Araz Əlizadə özü özünə belə rəğbət qazandıra bilmir. Ağızını açıb danışan kimi bu adamı söyürlər. İndi belə bir adam Söyün Sadıqova nə xeyr verə bilərdi? Ümumiyyətlə, hansı cəmiyyətdə Araz Əlizadə kimi adamlar varsa, insanlar ondan əziyyət çəkirlər. Yəni, Araz Əlizadə harada olursa olsun, insanlar ondan əziyyət çəkirlər, xeyrli bir əməli yoxdur".

Xatırladaq ki, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov 2015-ci ilin parlament seçkiləri ərəfəsində Araz Əlizadənin onunla görüşərək, 1 milyon dollar pul istədiyini bildirib.

Demokrat.Az

D
demokrat.az