Gündəm

Deputat: “COVAX manipulyasiya ilə məşğul olur”

Deputat: “COVAX manipulyasiya ilə məşğul olur”

“COVAX hazırda, sanki, manipulyasiya ilə məşğul olur, çünki onlar verdikləri vədə əməl etmirlər. Hesab edirəm ki, mövcud vəziyyət dünyadakı ədalətsizliyin növbəti təcəssümüdür”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Prezidentin bir neçə ay öncə COVAX-la bağlı qeyd etdiklərinin daha bariz nümunəsi ortaya çıxıb: “Görürük ki, ədalətlilik prinsipi, doğrudan da, pozulur və COVAX verdiyi vədləri yerinə yetirmir. Azərbaycan dövləti dünyada ədalətin, insanpərvərliyin üstün tutulmasının hər zaman tərəfdarı olub, bu prinsipləri öz əməli ilə dünyada təbliğ edib. Belə ki, pandemiyanın hələ ilk aylarında Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib, 30-dan çox dövlətə yardım göstərib. Çox təəssüflər olsun ki, dünyada artıq vaksinlə bağlı haqlı narazılıqlar yaranıb. Belə ki, kasıb və az inkişaf etmiş ölkələrin vətəndaşları vaksinasiyadan keçə bilmirlər, nəticədə əhalinin sağlamlıq durumunda ciddi problemlər yaranır. COVAX adlı təşkilat isə, sanki, manipulyasiya ilə məşğul olur, çünki onlar verdikləri vədə əməl etməli idilər. Hesab edirəm ki, mövcud vəziyyət dünyadakı ədalətsizliyin növbəti təcəssümüdür. Yadınızdadırsa, bir neçə ay əvvəl cənab Prezident İlham Əliyev öz çıxışında,təəssüflə bildirmişdi ki, baxmayaraq ki, vaksinasiya prosesindən kənarda qalan imkansız dövlətlər var, amma Kanada da daxil olmaqla, bəzi dövlətlər öz əhalisinin sayından dəfələrlə çox vaksin sifariş edib, hətta pulunu əvvəlcədən ödəyiblər”.

COVAX tərəfindən ötən gün Gürcüstana 30 min doza peyvəndin çatdırılmasına gəlincə isə, Kamilə Əliyevanın sözlərinə görə, bu miqdarda peyvənd Gürcüstan kimi bir dövlət üçün çox azdır və bu da öz növbəsində ədalətsizlikdir.

“Doğrudan da, Azərbaycan dövləti pandemiya ilə əlaqədar o qədər qabaqlayıcı tədbirlər həyata keçirib, hər şeyi vaxtında düşünülmüş şəkildə aparıb ki, COVAX-ın ədalətsizliyə yol verməsi Azərbaycan üçün böyük fəsad törətmir. Prezidentimiz tərəfindən əvvəlcədən görülən tədbirlər, Çindən gətirilən keyfiyyətli peyvəndlər və Cənubi Qafqazda vaksinasiya prosesinə başlayan ilk dövlətlərdən biri olmağımız buna bariz nümunədir. Vaksinasiya bu gün də Azərbaycanda yüksək səviyyədə davam etdirilir. Şükürlər olsun ki, dövlətimiz hələ vaksin çatışmazlığı problemi yaşamayıb” - K.Əliyeva vurğulayıb.

Qeyd: COVAX Azərbaycan tərəfinə öncədən razılaşdırılmış qaydada vaksinlər təhvil verəcəyini bildirmişdi. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Demokrat.az

D
demokrat.az