“Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Hər bir zaman öz siyasətini humanizm prinsiplərindən çıxış edərək müəyyən edir və bu, xüsusilə də məhkum olunmuş şəxslərin əfv olunması ilə bağlı Prezident sərəncamlarında, amnistiya aktlarında öz təsdqini tapır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda məhkum olunmuş şəxslərlə bağlı artıq 36-ci dəfədir ki, əfv sərəncamı imzalanır: “Bu dəfəki sərəncam da məhz Novruz Bayramı ərəfəsində reallaşdı və dövlətimizin hüquqi dövlət olduğunu bir daha göstərdi. Eyni məntiqdən çıxış edərək deyə bilərik ki, dövlətimiz hər bir insanın öz potensialını nümayiş və inkişaf etdirməsinin qayğısına qalır. Səhvsiz insan yoxdur. Yəni belə olan halda həyatında səhv buraxmış və bunun ucbatından məhkumluq statusu almış insanlara şans vermək ilk növbədə elə dövlətin özünün demokratik və humanist mahiyyətindən irəli gəlir. Hesab edirəm ki, bu dəfəki əfv fərmanına da məhz bu kontekstdə qiymət vermək lazımdır. Yəqin ki, əfv olunan şəxslər onlara həyatda özlərini təsdiqləmələri və Novruz bayramı ərəfəsində ailələrinə qovuşmaları kimi verilən belə gözəl şansı qiymətləndirərlər. Bundan böyük xoşbəxtlik yoxdur. Bu imkanı onlar üçün Ölkə Prezidenti Cənab İlham Əliyev yaratdı. Fikrimcə, həmin şəxslər cəmiyyətin layiqli övladları və tam inteqrasiya olacaqlar, o cümlədən bir daha cinayət yolunu seçib həbsxana həyatı yaşamayacaqlar”.
Qeyd: Martın 18-də Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Demokrat.az


