Gündəm

Deputat: "Prezidentin əfv sərəncamını imzalaması kifayət qədər humanist addımdır"

Deputat: Prezidentin əfv sərəncamını imzalaması kifayət qədər humanist addımdır

"Azadlıqdan məhrum edilmiş şəxslərin müəyyən tələbləri ödədiyi halda əfv olunması müsbət tendensiyadır".

Bunu Pravda.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti dəfə əfv sərəncamının imzalanması kifayət qədər humanist addımdır: "Biz Əfv Məsələləri Komissiyasının üzvü kimi bir aydan çoxdur ki, ayrı-ayrı şəxslərin azadlığa buraxılması istiqamətində ciddi şəkildə işləyirik. Hazırlanan siyahı Prezidentə təqdim olunmuşdu və Cənab Prezident də konstitusiya səlahiyyətindən istifadə edərək belə bir humanist addım atdı. Əfv olunanlar arasında siyasi palitraya aid olan və olmayan, ümumiyyətlə, müəyyən dərəcədə əfv olunmağa uyğun gələn şəxslərin mütləq əksəriyyəti yer alıb. Sərəncam əfv olunanlara azadlıqda olmağa daha ciddi yanaşmaları və hər hansı bir şəkildə yenidən ora qayıtmamaları üçün şans tanıyır. Əfv sərəncamının verilməsinin əsas prinsipi bundan ibarətdir. Bu, Ölkə Prezidentinin verdiyi saysız-hesabsız əfv sərəncamlarından yalnız biridir və hər zaman da bu prosedur davam etdiriləcək. Bu istiqamətdə cəmiyyətin, QHT-lərin, o cümlədən siyasi partiyaların narahatlığına son qoyulacaq”.

Qeyd: Bu gün Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Demokrat.az

D
demokrat.az