Milli Məclisin deputatı Fəzail Ağamalı Nazirlər Kabinetinin hesabatında çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun fəaliyyətini sərt tənqid edib.
Demokrat.az xəbər verir ki, Fəzail Ağamalı Elman Rüstəmovun vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini bildirib:
"Təəssüflər olsun ki, uğurlarımıza mane olan məqamlar da mövcuddur. Söhbət ölkədəki bank-pul kredit sistemindən gedir. Yaxşı ki, Maliyyə Nazirliyi bu gün kifayət qədər məsuliyyətli, dövlətçiliyimizə sadiq olan peşəkarların əlindədir və onların gərgin əməyilə ölkədə maliyyə sabitliyi təmin olunur.
Cənab Prezident də Bank sistemindəki narahatçılığı önə çəkərək deyir: “Bizim iqtisadiyyata ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə də bu sektorun tənzimlənməsi, sağlamlaşdırılması, şəffaflaşması beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”.
Əslində, olduqca dəqiq və sərrast deyilmiş bu fikirlərdən sonra əlavə şərhə ehtiyac yoxdu. Sadəcə olaraq ən sadə Azərbaycan vətəndaşının belə bildiyi həqiqəti xatırlatmaq istərdim. İllərdi yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, Azərbaycanın ailə institutuna ciddi zərbələr vuran, insanlarımızın evlərini, mülklərini əllərindən alan müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədi. Cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib, 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı dərhal məhkəmənin hökmü ilə müsadirə olunur.
Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkənin bank sistemində var?
İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub.
Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar.
Bu cür anormal Bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq.
Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir.
Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir".
Vaqif Hüseynli Demokrat.az


