Sosial

Novruz bayramında karantin rejimi sərtləşdirilə bilər

Novruz bayramında karantin rejimi sərtləşdirilə bilər

Martın 16-da Azərbaycanda koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir. Son sutkada 12 nəfər COVİD-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 102 nömrəli tam orta məktəbdə çalışan 6, 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

İqtisadi sahələrin yenidən bağlanacağı ilə bağlı əhalidə daha çox narahatlıq var. Hazırda ölkədə sanki iki “cəbhə” formalaşıb. Bir qisim ekspert qısamüddətli karantin rejiminin tətbiqini düzgün sayır, bəzi iqtisadçılar, millət vəkilləri isə bunun iqtisadiyyata zərərli olacağını iddia edirlər. Mövcud vəziyyət daha çox hansı istiqamət üçün təhlükəlidir, burda nə kimi tədbirlər görülməlidir ki, hər hansı yanlışlığa yol verilməsin.

İqtisadçı-ekspert Elman Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Novruz bayramı gəlir, bayramla bağlı insanların bir-biri ilə sıx görüşməsi, təması narahatlıq doğurur ki, pandemiya yenə də daha sürətlə yayıla bilər. Çalışırlar bununla bağlı 10 günlük karantin rejimi tətbiq olunsun, nəticədə yoluxmanın qarşısı alınsın. Ümumiyyətlə, son 3-4 gündə pandemiya ilə bağlı məsələləri müşahidə etdim. Bəzən millət vəkilləri, təəssüf ki həkimlər özləri də elə fikirlər yürüdürlər ki, insanları yanlış yönləndirirlər. Məsələn, həkimlərdən biri çıxışında ölüm sayının çoxalmasını virusun yeni ştammı ilə əlaqələndirir. Aparıcı soruşanda ki, ”bizdə yeni ştamm yayılıbmı", cavabında “yox, bizdə hələ yayılmayıb” deyir. Bu kimi məntiqsiz danışıqlar insanlarda inamsızlıq yaradır. Əslində virus yarananda həm bizdə, həm də dünyada o qədər ziddiyyətli məlumatlar verildi ki, nəticədə virusun daha sürətlə, geniş şəkildə yayılmasına səbəb oldu. Öz müşahidələrimə əsasən deyim ki, hazırkı vəziyyət ötənilkindən çox fərqlənir. Həkimlərdən açıqlama olmasa da, virus zəifləmə fazasındadır. Geniş yayılır, amma zəifləyir. Yəni virusun öldürücülük səviyyəsi əvvəlki kimi deyil. Amma Azərbaycanda ölüm sayının artması məsələsi sual altında qalır..."

İqtisadçı hesab edir ki, Azərbaycan virusla səhiyyə sisteminin gücü hesabına deyil, iqtisadiyyatın bağlanması hesabına mübarizə aparıb: "Ən çox qapanma, SMS icazə tətbiq edildi. Məsələn, Rusiyada belə qadağalar olmadı. Biz həddindən artıq qapandıq və iqtisadiyyatı həddindən artıq gücə saldıq. Yəni iqtisadiyyatı təzyiq altında saxlamaqla biz virusla mübarizə apardıq, səhiyyəmizin gücü ilə deyil. Bu çox önəmli bir təsbitdir. Düşünürəm ki, bu barədə bizim hökumət də, hər kəs də düşünməlidir"

E.Sadıqov dünya ölkələrinin təcrübəsini də bölüşüb: “İkinci problem odur ki, bundan sonra yaranacaq çətinlikləri bu gün görə bilmərik. Nəyə görə? Adətən yeni qəzaya düşən insanların hansı dərəcədə yaralandıqları, nə vəziyyətdə olduqları bəlli deyil. Biz hazırda hələ qəza dövründəyik. İqtisadiyyat hansı dərəcədə zərər görüb, bunun hamısının nəticəsi postpandemiya dövründə üzə çıxacaq. Məsələn, ABŞ və digər ölkələr bunu əvvəlcədən hesablayıb, analiz edərək, pandemiyanın özünün gedişatı dövründə iqtisadiyyat üçün çoxlu təşviqlər apardılar. Orada qapanmalar bizdəki kimi sərt olmadı, amma təşviq paketləri buraxdılar. Düzdür, bu ilk olaraq rifaha xidmət edir, amma bununla bərabər iqtisadiyyatda biznesin davamlılıq riskinin artmamasına xidmət edir. Bu çox önəmli məsələdir. Azərbaycanda bu risk öyrənilməyən, çox adamın nəzərə almadığı bir riskdir. İkinci məsələ isə təəssüf ki, pul dövriyyəsinin sürətinin aşağı düşməsi, iqtisadi fəallığın aşağı düşməsi ilə bağlıdır. Biz bu qədər iqtisadiyyatı gücə salmaqla, zərbə altına qoymaqla virusla mübarizə apardıq. İndi Novruz bayramında yenidən buna getmək doğru olmaz, çünki Novruz bayramı həm də iqtisadi baxımdan da aktivlik sayılır. Məncə, burada hüquq-mühafizə orqanları tərəfindən nəzarət gücləndirilməlidir, əhaliyə müraciət edilməlidir. Kimlərsə qaydalara riayət etmirsə, cərimə olunsun. Necə ki, bütün dünyada bu cərimələr tətbiq olunur. Yəni qurunun oduna yaş da yanmamalıdır. Məsuliyyətsizlik edən cəzasını çəkməlidir. İqtisadiyyatın davamlı şəkildə zərər görməsi ədalətsizlikdir.

Bir sözlə, Novruz bayramında nəzarət gücləndirilsin, güzəşt olunmasın, məsuliyyətsiz davrananlar cərimələnsin. Cərimə dünyanın hər yerində tətbiq edilir, nəyə görə cəmiyyətdə 10-20 faiz insana görə 70 faiz insan evdə oturmalıdır, iqtisadiyyat çökməlidir. Ona görə bu dəfə hüquq-mühafizə orqanları daha gücləndirilmiş iş rejimində işləsin. Restoranlar normal işləyə bilmir artıq. Biznesin davamlılığı pozulub. Biznes sabibkarları əmin deyil ki, bundan sonra karantin olmayacaq. İşini çox ehtiyatla qurur, bəzən edə bilmir. Artıq iqtisasiyyatda böyük problemlər yaranmağa başlayıb. Bu da əvvəl-axır bizim büdcənin, humanitar siyasətin üzərinə düşəcək".

İnfeksionist-hepatoloq Mərdan Əliyev də deyib ki, insanlar bayram ərəfəsində diqqətli olmalıdırlar: "Qarşıdan bayram gəlir, qaydaları sərtləşdirmək olar. Çünki insanlar toplaşacaq, bir-birinə qonaq gedəcək. Hazırda buna yol vermək olmaz. Virusun sayında artma ola bilər. Bayram ərəfəsində insanlar evdə otursa yaxşı olar. İndi vaksinasiya prosesi də davam etdirilir, bu ümidlər verir. Düzdür, 2-3 milyon insanı eyni vaxtda vaksin eləmək mümkün deyil. Bu yəqin ki, yeddi ay və ya bir il çəkə bilər. Amma ən azı hər gün yeni-yeni insanlar peyvənd olunur. Bu da müsbət təsirini göstərəcək. Yoluxma sayı çox artsa, bayram ərəfəsində qısamüddətli karantin tətbiq oluna bilər".

Yeri gəlmişkən, hazırda ölkədə əsas qadağalar bu sahələr üzrədir: yük daşımaları istisna olmaqla, ölkə ərazisinə giriş-çıxış; ölkənin şəhər və rayonlarından sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla, yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.

Demokrat.az

D
demokrat.az