Şirvan şəhərində əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Şirvan şəhər Gənclər evi sosial xidmət müəssisəsində Ədəbiyyat və Dram dərnəyinin rəhbəri vəzifəsində işləmiş Nurlan Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurlan Qədimov 15 may 2020-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, Sahib Zeynalov küçəsində yerləşən peşə məktəbinin arxasında olan Şirvan şəhər Gənclər və İdman İdarəsinin nəzdindəki mini futbol meydançasının həyətində oynayan 2006-cı il təvəllüdlü Qədir Babayevanı mini futbol meydançasının həyətində yerləşən tikiliyə çağırıb.
O, orada öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Qədir Babayevaya öz cinsi orqanını nümayiş etdirib, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.
İstintaq orqanı tərəfindən Nurlan Qədimovun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan Qədimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, həbs edilənə qədər Şirvan şəhər Gənclər Evi sosial Xidmət müəssisəsində, Ədəbiyyat və Dram dərnəyinin rəhbəri kimi çalışıb, həmçinin Gənclər İdman İdarəsinin nəzdində olan mini futbol meydançasında könüllü olaraq xidmət edib: “Mayın 15-də həmişə olduğu kimi mini futbol meydançasının ərazisinə gəldim, orada təmizlik və abadlıq işləri görməyə başladım. Mini futbol meydançasının ərazisində birmərtəbəli tikili və daxilində bir neçə otaq var. Həmin otaqlar trenajor, soyunub-geyinmə və kafe kimi fəaliyyət göstərir. Lakin kafe işləmir”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, mayın 15-də, saat 16-17 radələrində mini futbol meydançasının ərazisinin çöl tərəfindən bir neçə nəfər həm azyaşlı, həm də yetkinlik yaşına çatan uşaqların oynadığını və ölkədə tətbiq olunmuş karantin rejimi qaydalarını pozduğunu görüb operativ qərargahın üzvü olduğu üçün onlara meydançanın yanından uzaqlaşmaları ilə bağlı irad bildirib: “Həmin uşaqlara bir neçə dəfə bu barədə bildirdim. Bundan sonra isə tikiliyə girib orada əynimi dəyişmək istədim. Əynimi soyunmamış üzdən tanıdığım adını sonradan bildiyim Qədir adlı uşaq otağa daxil oldu. Həmin uşağa dərhal irad bildirdim və otağı tərk etməyini sərt şəkildə dedim. Həmin uşaqda qaçaraq getdi. Mən də uşağın arxası ilə çıxıb çöldə yenə də irad bildirdim və getməsini söylədim. Sonradan adını bildiyim uşaq qaçaraq getdi. Təxminən 30 dəqiqə sonra meydança ərazisində olarkən bir nəfər adını sonra bildiyim Vəli adlı şəxs gəldi və mənim başımdan bel ilə vurdu. Guya onun qohumuna qarşı əxlaqsızlıq etmişəm. amma belə bir hadisə baş verməyib. Sadəcə həmin uşağı meydançadan uzaqlaşmağı sərt şəkildə bildirmişəm”.
Şirvan şəhər Məhkəməsinin hökmü ilə Nurlan Qədimov 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nurlan Qədimov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Nurlan Qədimov qeyd edib ki, iş materiallarında onun təqsirli olmasını sübut edən heç bir mötəbər sübut yoxdur.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Nurlan Qədimovun apelyasiya şikayəti təmin olunmayıb.
Fariz Məlikli Demokrat.az


