Sosial

"Belə təqdimatları intihara sürükləyən səbəblərdən biri kimi görürəm" — Aslan İsmayılov

Belə təqdimatları intihara sürükləyən səbəblərdən biri kimi görürəm — Aslan İsmayılov

"Dəfələrlə intiharların ciddi problem olduğunu və çox ciddi araşdırmaya ehtiyacı olduğunu yazsam da bu sahədə hələ də hansısa bir mükəmməl təhqiqat görməmişəm. Bu gün intihar problemindən istifadə edib bilməyərəkdən , əksər hallarda isə bilərəkdən Azərbaycanda yeganə normal sosial təsisat olan ailə institunun dağıdılmasını görüb bir daha bu mövzuya qayıdıram. Bilərəkdən ifadəsini təsadüfi işlətmədim. Bunu görmək istəyənlər hər intihar hadisəsi olanda aktivləşib meydan sulayan qüvvələrə fikir versinlər. Bunlar əsasən gender hüququ mütəxəssisləri adlandırılanlardır. Özü də bunların əksəriyyəti qərb dəyərlərinin daşıyıcıları, ailə haqqında anlayışı olmayanlardır. Nədənsə onlar intiharların qərb ölkələrində, xüsusən gənclər arasında bizdən də çox olmasına baxmayaraq bu hadisəni ailə institutu ilə əlaqələndirmirlər. Bu qüvvələr tərəfindən daha mütəşəkkil və təhqiredici ittihamlara məruz qalmamaq üçün bir çox səbəbləri hələ də açıqlamıram".

Demokrat.az-ın xəbərinə görə, bu fikirləri tanınmış vəkil Aslan İsmayılov deyib.

"Azərbaycanda ailə institunun heç bir qüsuru olmadığı fikrində deyiləm. Ancaq intiharların, xüsusilə qız uşaqlarının özlərinə qəsd etmələrinin ancaq ailə münasibətlərindən asılı olduğunu qətiyyətlə rədd edib gördüyüm başqa, intiharlara təkan verən halı sizinlə bölüşürəm. Bütün insanlar, xüsusən gənclər həmişə cəmiyyətdə tanınmaq, fərqlənmək arzulayırlar. İntihara cəhd edənlər bütün günahları özlərindən başqa hamıda görürlər. Əksəriyyət bir çətin məqam yaşayanda insanların onlara yazıqları gəlməsini, özlərinə xüsusi diqqət, qayğı istəyirlər. Son dövrlər mətbuatı diqqətlə izləyənlər görürlər ki, Azərbaycanda ən tez tanınan, hamı tərəfindən əzizlənən, heç nə ilə fərqlənməyənlərin tez bir zamanda istedad sahibi kimi qələmə verilməsi məhz intihar hadisələrindən sonra baş verir. Şəxsən özüm dəfələrlə oxumuşam ki, bəzi əhlikeflər hansısa intihar hadisəsindən sonra yazırlar ki, filankəsi o qədər əzizlədilər ki, az qala özüm də intihar edəcəkdim. Məhz intihara cəhddən sonra ölkədə tanınmış olanlar da var. Ona görə də intihara sürükləyən hallardan birini də hadisədən sonra ölmüş şəxs haqqında uzun - uzadı təriflər yazılmasında, onların əzizlənməsində və bu yolla bütün ölkədə tanınmalarında görürəm.Bu səbəbdən də intihar hadisəsindən sonra həmin şəxslərin ilahiləşdirilməsinin, heç bir günahının olmamasının, xüsusi istedadlı olmasının və bu kimi təriflərin yağdırılmasının əleyhinəyəm. Məhz belə təqdimatları hələ psixoloji cəhətdən həyatdakı çətinliklərə hazır olmayanları intihara sürükləyən səbəblərdən biri kimi görürəm"- deyə A.İsmayılov bildirib. Demokrat.az

D
demokrat.az