Gündəm

“Sərt karantin rejiminin tətbiqi üçün əsas yoxdur” — Həkim pulmonoloq

“Sərt karantin rejiminin tətbiqi üçün əsas yoxdur” — Həkim pulmonoloq

“Göstəricilərin sərt karantin rejiminin tətbiqi, insanların hərəkətinin kütləvi olaraq məhdudlaşdırılması üçün əsas olduğunu düşünmürəm. Ölkənin aparıcı mütəxəssis pulmoloquyam, amma şəxsən mənə bu xəstəliklə bağlı son 1 ay ərzində heç bir nəfərin də müraciətini müşahidə etməmişəm”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor Əlizamin Sadıqov deyib.

Həkim pulmonoloq bildirib ki, hazırki yoluxma sayı region üçün yüksək epidemiolji göstərici deyil: “Koronavirus infeksiyasına yoluxanlar arasında əvvəlki dövrlərlə müqayisədə ciddi artım müşahidə edilmir. Bu göstəricilərin sərt karantin rejiminin tətbiqi, insanların hərəkətinin kütləvi olaraq məhdudlaşdırılması üçün əsas olduğunu düşünmürəm. COVİD-19 pandemiyasının əvvəlki dövründəki xəstə axını, gərgin iş mühiti bu gün artıq yoxdur”.

Ə.Sadıqovun sözlərinə görə, növbəti aylarda yoluxma sayında artım olsa da, əvvəlki vaxtlarla müqayisədə çox aşağı olacaq: “Ən azından, insanların xeyli hissəsi vaksinasiyadan keçiblər və bu vaksinasiya tədbirləri uğurla davam etdirilir. Əhalinin 60-70 faizi vaksin əhatəliliyinə daxil olarsa, Azərbaycanda koronavirusun pandemiyasının qarşısını tam ala bilərik. Çünki hazırda vaksinasiya xəstəliyin yayılmasının qarşısını almaq üçün yeganə vasitədir. Təbii ki, vaksinlərin nə qədər effektli olduğu barədə danışa bilməsək də, əminliklə deyə bilərik ki, ölüm halları əvvəlki vaxtlarla müqayisədə az müşahidə ediləcək, ağır situasiyalarla üzləşməyəcəyik və nəticədə səhiyyə sistemində yüklənmə az olacaq. Vaksinasiyanın bizə verəcəyi töhvələr bunlardan ibarətdir. Nəzərə almaq lazımdır ki, yüngül və orta-ağır xəstələnmə halları baş verə bilər, çünki vaksin növbəti dəfə infeksiyaya yoluxmamaq üçün zəmanət vermir. Vaksin vurdurduqda belə 3 qızıl qaydanı hər zaman yerinə yetirməliyik”.

Qeyd: Həftəsonu koronavirusa yoluxanların sayında artım müşahidə olunub. Yoluxma sayı təxminən 3 dəfə artaraq 400-ü ötüb. Buna görə də martın 15-dən karantin rejiminin sərtləşdiriləcəyi bildirilir.

Demokrat.az

D
demokrat.az