Sosial

Sabiq baş konsul: "Azərbaycanda yerli televiziya kanallarına baxan yoxdur" - VİDEO

Sabiq baş konsul: Azərbaycanda yerli televiziya kanallarına baxan yoxdur - VİDEO

"Azərbaycan televiziya kanalları arasında milli-mənəvi dəyərlərin qorunması baxımından bəyəniləsi yeganə televiziya AzTV-dir. Çünki mən inanmıram ki, Azərbaycan Dövlət Telelviziyasında digər telekanallarda olduğu kimi "Dana şou" adında bir veriliş yayımlansın".

Demokrat.Az xəbər verir ki, bu fikirləri "Aynada" verilişində "Televiziya bu gün" mövzusunda müzakirələr zamanı tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu bildirib.

İbrahim Nəbioğlu deyib ki, bütövlükdə götürəndə Azərbaycan televiziya kanalları ilə bağlı vəziyyət həqiqətən acınacaqlıdır:

"Vaxtilə mən və Qulu Məhərrəmli bəzi məqamlara görə Azərbaycanın televiziya məkanını dünya ölkələri ilə müqayisə edəndə bizim çox geri qaldığımızı və bu sahənin inkişaf etdirilməsini deyirdik. Bu gün mənim sizinlə "Qulu Məhərrəmli, Arif Əliyev və Elçin Şıxlını nəzərdə tutur) müqayisədə bu məsələdən çox da danışmağa haqqım yoxdur. Amma deyə bilərəm ki, Türkiyə televiziya kanalları bizimkindən daha bərbad vəziyyətdədir. Türkiyə telekanalları əvvəlki səviyyədən xeyli aşağı düşüblər. Bunun da bir sıra səbəbləri var. Təbii ki, Türkiyədəki televiziya kanalları ilə müqayisədə Azərbaycanda demək olar ki, televiziya yoxdur. Şəxsən mən Azərbaycan telekanallarından heç birinə baxmıram. Yaxşı ki, informasiya texnologiyaları inkişaf edir və bizdə lazımı informasiyaları oradan ala bilirik".

Sabiq baş konsul qeyd edib ki, keçmiş Sovet İttifaqı dövründə insanlar Azərbaycan Dövlət Televiziyasını maarifləndirici və mənəvi qida ala biləcək vasitə kimi görürdü:

"Gənclərin əxlaqi cəhətdən yetişdirilməsində və mədəni səviyyəsinin artırılmasında televiziyanın rolu böyük idi. Amma bu gün Azərbaycan televiziya kanallarında mədəniyyəyt deyilən bir şey qalmayıb. Türkiyədə olduğum vaxtlarda da, Azərbaycana gəldikdən sonra da görürəm ki, yerli telekanallara baxan yoxdur. Mən bu yaxınlarda Türkiyənin "Haber Türk" televiziya kanalının jurnalistləri ilə Şəki zonasına getmişdim. Orada yerli insanlardan da soruşdum, onlar da total olaraq Türkiyə telekanallarını seyr etdiyini dedilər. Yerli camaat da Türkiyə telekanallarına orada yayımlanan seriallara görə baxırlar. Hesab edirəm ki, informasiya təhlükəsizliyi baxımdan biz "Aynaçılar" qədər bu məsələni qabardan ikinci veriliş yoxdur. Biz mütəmadi olaraq bu məsələ ilə bağlı öz narahatlığımızı dilə gətiririk".

Zaur Hacılı Demokrat.Az

D
demokrat.az