Hadisə

Bakıdakı “Corona” kafesində kütləvi dava: İki nəfər xəsarət aldı

Bakıdakı “Corona” kafesində kütləvi dava: İki nəfər xəsarət aldı

Bakının Xətai rayonunda kafedə dava salmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Emin Şıxbalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Emin Şıxbalayev “Corona” adlı kafedə Təbriz Qurbanov və Elnarə Hüseynovaya özünə məxsus kafeni icarəyə verməyib.

Buna görə Təbriz Qurbanov və Elnarə Hüseynova Emin Şıxbalayevə iradını bildirib. Bunu bəhanə gətirən Emin Şıxbalayev onlarla kafenin içərisində mübahisə edib.

Emin Şıxbalayev kafedə olan kənar şəxslərin gözləri qarşısında Elnarə Hüseynovanı döyüb, Təbriz Qurbanova isə xəsarət yetirib.

Hadisə vaxtı Emin Şıxbalayevə bu cinayəti törətməkdə şəxsiyyəti istintaqa məlum olmayan Emin və digər şəxlər köməklik edib.

İstintaq orqanı tərəfindən Emin Şıxbalayevin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Təbriz Qurbanov bildirib ki, Elnarə Hüseynovanı bir neçə ildir tanıyır:

“Elnarə ilə Bakı Metropoliteninin Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən çay evini işlətmişik. Həmin çay evinin icarə haqqı artırıldığı üçün oranı təhvil verdik və şəhərdə işlətməyə çay evi axtarmağa başladıq”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, 2019-cu ili mart ayında Xətai rayonu ərazisində yerləşən Bakı Kinoteatrının yanında bir çay evi tapıb:

“Həmin çay evinin sahibi Emin Şıxbalayev ilə çay evini icarəyə götürmək barədə danışdıq. O, həmin çay evini hər ayı 1000 manata icarəyə bizə verə biləcəyini dedi. Razılaşma əsasında 1000 manat pulu Eminə verdikdə sonuncu çay evini təmir etdirib, yaxın vaxtlarda bizə təhvil verəcəyinə dair söz verdi. Bundan 1-2 ay keçsə də, Emin çay evini bizə vermədiyi üçün 1000 manat pulu ondan geri aldım. Sonradan mənə məlum oldu ki, 2019-cu ilin iyul ayında Emin Elnarəni aldadıb, inandırmaqla 10 gün ərzində çay evini bizə təhvil verəcəyi adı ilə aldadıb, Bakı Kinoteatrının yanında 2000 manat pulu məndən xəbərsiz alıb. Elnarə bu barədə bildirdikdə ona acığım tutdu”.

Təbriz Qurbanov bildirib ki, Elnarə ilə birlikdə hadisə baş verən günü saat 21 radələrində Eminin Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanda yerləşən həmin çay evinə gedib:

“Çay evində Eminin özündən başqa dörd nəfər şəxs olub. Çay evinə keçdik, Eminə irad bildirməklə niyə bizi aldatdığını, Elnarənin 2000 manat pulunu ələ keçirməsini, çay evini bizə icarəyə vermədiyini, neçə ay aldatmasını bildirdim. Emin bizə cavab verə bilmədi”.

Təbriz Qurbanov bildirib ki, bu vaxt orada əyləşən Eminin tanışı olan makler Emin kimi tanıdığı şəxs məsələyə müdaxilə edib, çayxananı özü kimə istəsə ona icarəyə verəcəyini deyib:

“Bir neçə dəfə onun sözlərinə məhəl qoymasam da, həmin vaxt Emin bir taxta parçasını Elnarəyə doğru atdı. Taxta Elnarənin sol qoluna dəydi, ona xəsarət yetirdi. Bu vaxt makler Emin yerindən durdu, Elnarəni çölə doğru itələdi. Elə bu anda Eminə bu şəxslərin niyə bizim söhbətimizə müdaxilə etməsini soruşdum. Emin Şıxbalayev Elnarənin üstünə cumdu, ayaqlarına və əllərinə təpik zərbələri ilə vurdu. Bunu gördükdə Eminə irad bildirdim. İradımı bildirdikdə Eminin orada olan tanışları qolumu tutdu və Emin yumruq zərbələri ilə burnumdan vurdu”.

Təbriz Qurbanov qeyd edib ki, kafedən bayıra çıxıb, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, baş verənləri bildirib:

“Az vaxtdan sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəldi. Bizi Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə getməyi təklif etdi. Sonra polis şöbəsinə getdik, baş verənlərlə bağlı ərizə və izahat yazdım. Eminlə ədavətim və düşmənçiliyim yoxdur. Emin Elnarədən aldığı 2000 manatı qaytardığı halda ondan heç bir şikayətim olmayacaq”.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Şıxbalayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, qeyd edib ki, 2019-cu ilin mart ayının sonlarında obyektdə təmir işləri gördüyü zamanı Təbriz adlı şəxs obyektə gəlib və icarəyə yer axtardığını bildirib:

“Təxminən 2-3 ay sonra Təbriz makler vasitəsi ilə Xətai rayonu M.Rüstəmov küçəsindəki bir obyektə baxdı, bəyənmədi, sonra yenə də bizim obyektə gəldi. Həmin ərəfələrdə Təbriz obyektini icarəyə istəməklə mənə 1000 manat beh verdi. Təbrizə təmir işləri başa çatdıqdan sonra ona xəbər edəcəyimi bildirdim. Lakin təmir işləri uzandığı üçün Təbrizə pulunu geri götürməsini bildirdim. Təbriz mənə gözləyəcəyini dedi. Bundan bir müddət sonra Təbriz mənə zəng edərək pulunu geri tələb etdi. Təbrizlə görüşməklə pulunu geri qaytardım”.

Emin Şıxbalayevin sözlərinə görə, hadisə baş verən günü, axşam saat 22 radələrində Təbriz Elnarə ilə onun obyektinə gəlib:

“Həmin vaxt obyekt təmirə bağlı olub, obyektdə ustalar Hikmət, Rüstəm, taksi sürücüsü Səbuhi və tanışım makler Emin olub. Təbirzlə Elnarə obyektə girdi. Elnarə obyektdə hay-küy salmaqla obyekti onların icarəyə götürəcəyini, onlardan başqa obyekti heç kimin götürə bilməyəcəyini dedi. Elnarə və Təbriz orada olan ustaların yanında məni söyüb-təhqir etdi. Təbriz mənə “kişi deyilsən, söz verib əməl etmirsən” sözlərini dedi. Elnarə isə mənə küçə söyüşü söydü. Elnarə “kafeni dağıdaram, tökərəm” deyə sözlər dedi. Obyektə tikinti materialları gətirən taksi sürücüsü Səbuhi Elnarəyə, “obyekti icarəyə mən götürürəm, nə edə bilərsən” sözlərini dedi. Elnarə isə cavabında ona dedi ki, səninlə işi yoxdur, onun işi Emin cındırladır. Əvvəl mübahisə yaranmaması üçün Elnarə və Təbrizə cavab vermədim, onlar susmaq əvəzinə təhqirlərinə davam etdilər. Hirslənib Təbrizi və Elnarəni itələdim, kafedən bayıra çıxartdım. Obyektdə olan digər şəxslərbizim aramızda olan mübahisəyə heç bir formada qoşulmadılar. Təbrizi və Elnarəni bayıra çıxartdıqdan sonra obyektin qapısını içəridən bağladıq. Bu vaxt Elnarə bayırdan qapının şüşəsinə təpik zərbələri ilə vurmaqla qəsdən şüşəni sındırdı və əlim qapının üstündə olduğundan barmağım kəsildi. Bayırda Təbriz və Elnarə yenidən səs-küy yaratmağa başladı. Təbriz məni bayıra doğru çağırmaqla söhbət etmək istədiyni dedi. Mən isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, baş verənlərlə bağlı məlumat verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmçinin ərazidə xidmət aparan polis əməkdaşlarından tanışı olan Raminə obyektə gəlməsini bildirib:

“Təxminən 2-3 dəqiqə sonra ÇPA-nın polis nəfərlərindən ilk olaraq Məhərrəm adlı polis əməkdaşı yanında başqa bir polis əməkdaşı ilə obyektə gəldi. Elə bu vaxt başqa Post Patrul Xidməti əməkdaşları da obyektə gəldilər. Post Patrul Xidmətinin əməkdaşları Təbrizlə Elnarəni sakitləşdirdi, 34-cü polis şöbəsinə apardı. Mənim isə barmağım kəsildiyi üçün obyektlə üzbəüz olan “Diaqnoz” Tibb Mərkəzinə göndərdilər. Ertəsi gün 34-cü polis şöbəsinə getdim, Elnarənin obyektin şüşəsini sındırması ilə bağlı ərizə yazdım. Orada Təbrizlə Elnarənin özlərinin məndən şikayət etdiyi məlum oldu. Təbrizi və Elnarəni söyməmişəm. Əksinə onlar kafedə səs-küy salıb, məni küçə söyüşləri ilə təhqir ediblər. Təbrizi və Elnarəni vurmamışam, sadəcə onları itələyərək kafedən bayıra çıxarmışam”.

Emin Şıxbalayev bildirib ki, Elnarədən obyekti ona icarəyə vermək adı ilə hər hansı pul almayıb.

Xətai rayon Məhkəməsinin hökmü ilə Emin Şıxbalayev 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Emin Şıxbalayevə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək tələbi də əlavə edilib.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az