Hadisə

Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum

Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum

- Rəis, maşında xəstə var. Bakıya getməliyəm.

- Xəstəni başqa maşına mindirin, özünüz qayıdın...

***

- Cənab mayor, Bakıdan hərbi forma almalıyam.

- Bu gün mağazalar işləmir.

***

- Rəis, arayışım var. Xəstəyəm.

- Olmaz! Qeydiyyat Bakı deyilsə, geri qayıtmalısan.

***

Bu dialoqları və bunun kimi onlarla dialoqu Bakıya qayıdan zaman Ələt postunda gözlədiyimiz 15-20 dəqiqə ərzində eşidirik...

Bayram üçün, iş üçün Bakıya qayıdanlar var. Amma elə də sıxlıq yoxdur. Əsas sıxlıq Bakıdan çıxışdadır. Dünən və ondan əvvəlki gün isə Bakıdan çıxışda kilometrlərlə uzunluğu olan tıxac yaranmışdı. Bu tıxacda olanların əksəriyyəti yeni ili rayonda, otellərdə qarşılamaq üçün Bakıdan çıxmaq istəyənlər idi.

Düzdür, çox adamın ezamiyyət vərəqəsi olsa da, Bakıdan çıxa bilmədi. Çünki Daxili İşlər Nazirliyi elan etdi ki, pandemiya ilə əlaqədar Bakıdan çıxışa qoyulan qadağa sərtləşdiriləcək. Ölkə ərazisi üzrə icazəsi olanlar yeni ili fürsət bilərək Bakıdan rayonlara axışacağı üçün bu qadağa dekabrın 29-dan tətbiq edildi. Hamının gözləmədiyi zamanda...

Hətta ölkə üzrə icazəniz olsa belə, əlavə ezamiyyət vərəqəniz "etibarsız" sayılır. Müəyyən dövlət qurumlarının əməkdaşları ezamiyyət vərəqələri ilə hərəkət edə bilər. Bir də rayon qeydiyyatı olanlar (yalnız bu postun Bakıdan çıxış istiqamətində olan rayon sakinləri nəzərdə tutulur) bu postu keçə bilir.

Elə bu dəqiqə də Ələt postuna çatanların demək olar ki, 50 faizindən çoxu geri qaytarılır. Çox adam qayıtmamaq üçün "çıxış yolları" axtarır. Saatlarla gözləyir...

Qayıdaq Bakıya qayıdışa...

Posta yaxınlaşan zaman Dövlət Yol Polisinin (DYP) əməkdaşları şəxsiyyət vəsiqəmizi yoxlayır. Ezamiyyət, jurnalist vəsiqəsinə ehtiyac yoxdur. Sadəcə, şəxsiyyət vəsiqəsi...

Qeydiyyat Bakıdırsa, yaxşı yol. Gəldiyin istiqamətdəki rayonlardan biridirsə, geriyə...

Sağımızda bir maşın dayanıb. Onu da digər polis əməkdaşı yoxlayır. Sürücü Beyləqan qeydiyyatıdır, maşında olan əsgər isə Bakıya qayıdır, tərxis olunub.

Polis əməkdaşı PPX əməkdaşlarına səslənir: "Əsgəri Bakıya yola salmağa maşın tapın, bu sürücü isə geri qayıdır..."

Postda olan Daxili Qoşunların əməkdaşı Bakı istiqamətinə gedən maşınlardan birinə yaxınlaşır və əsgər yola salınır. Sürücü isə geri qaytarılır.

Ətrafdakı qaçhaqaç, polis əməkdaşlarının tez-tez səsgücləndirici ilə elan etdiyi xəbərdarlıqlar diqqət çəkir. Bir neçə dəqiqə maşından düşərək baş verənləri izləmək istəyirəm.

Maşını bir az kənarda saxlayıb posta yaxınlaşıb müşahidəyə başlayıram.

Sürücülər əllərində nəsə kağız göstərirlər. Ya ezamiyyət vərəqələrinin olduğunu, ya həkimdən arayış aldıqlarını deyirlər. Ən çox da həkimdən arayışı olanlar diqqət çəkir.

İlk yoxlanışı edən Dövlət Yol Polisi əməkdaşları "Qeydiyyat Bakı deyilsə, geri qayıdın" deyir və heç bir izah qəbul etmir. Polis əməkdaşı maşını postdan kənara çəkib, geri qayıtmağı və şikayətini rəisə deməyi məsləhət görür.

"Cənab mayora yaxınlaşın. Mən sizə deyirəm ki, mümkün deyil"- deyə yol polisi əməkdaşı son sözünü söyləyərək maşınları PPX əməkdaşlarına yönəldir və geri qaytarılmasını istəyir.

Bir az kənarda mayor rütbəli bir polis əməkdaşı dayanıb. Ətrafında da bir qrup vətəndaş. Mayor hərəkət etdikcə insanlar da onun arxasınca hərəkət edir. Vətəndaşların əlində nəsə vərəqələr var və nəyisə izah etməyə çalışırlar. Səs-küydən deyilənləri tam başa düşmək olmur.

Polis mayorunun tez-tez təkrar etdiyi bir söz eşidilir: "Ay vətəndaş, axı sizə izah elədim ki, Bakı qeydiyyatı deyilsiniz. Heç bir kömək edə bilmərəm".

Bu zaman PPX əməkdaşlarından biri qaçaraq mayora yaxınlaşır. Məruzə edir ki, "Khazar" markalı avtomobil dəmir arakəsməni aşıraraq Bakı istiqatinə qaçıb. Mayor göstəriş verir ki, arxasınca maşın göndərilsin və saxlanılsın...

Bu zaman başqa bir vətəndaş polis mayoruna yaxınlaşır. O da Bakı qeydiyyatı olmadığı üçün DYP əməkdaşı tərəfindən geri qaytarılanlardan biridir. Bu vətəndaşın əlində olan vərəqələrin sayı çox görünür.

Vətəndaş polis mayoruna deyir: "Mən Bakıya getməliyəm, çünki məhkəmədən çağırıblar".

Sənədlərə baxan mayor cavab verir: "Bu, məhkəmənin qərarıdır. Artıq məhkəmə qərarı çıxdığı üçün Bakıya indi getməyə bilərsiz. Həm də bu gün məhkəmə işləmir".

Vətəndaş geri qaytarılır....

Geri qaytarılanlar bir xəbərdarlıqdan sonra gəldikləri yerə doğru yola düşmürlər. Hamı yol kənarında dayanaraq nəsə fikirləşir, çıxış yolu, Bakıya gediş yolu axtarır.

Polis mayorunun ətrafındakı sıxlığa hər dəfə yeni kimlərsə qoşulur. Mayor tez-tez məsafə saxlamağı tələb edir. Maskası çənəsində olanlara xəbərdarlıq edir. Ayrı-ayrı vətəndaşlar kənara çəkilərək telefonla danışır. Kimlərəsə vəziyyəti izah edir, gələ bildiklərini deyirlər. Kimlərsə postdan keçməsinə yardımçı olacaq şəxs axtarır...

Vətəndaşlardan biri Quba qeydiyyatı olduğunu deyir.

Mayor şəxsiyyət vəsiqəsinə baxaraq izah edir: "Buradan keçə bilərsən, amma Qaradağ postuna çatmamış sağa dönəcəksən və Qubaya gedəcəksən. Şəxsiyyət vəsiqəsinin şəklini çəkirəm. Postlara da deyəcəm. Bakı istiqamətində hansı postda saxlanılsan, cərimə olunacaqsan".

Başqa bir vətəndaş yaxınlaşır: "Rəis, maşında xəstə var. Bakıya getməliyəm".

Rəis: "Xəstəni başqa maşına mindirin, siz isə geri qayıdın".

Başqa bir vətəndaş gəlir və əynindəki formanı göstərərək deyir: "Mən "BakuBus"da işləyirəm, qırmızı avtobuslarda. 2 saata işdə olmalıyam".

Rəis: "Onların sənin kimi yüzlərlə işçisi var. Səni əvəz edən tapılacaq".

Başqa bir vətəndaş əlində arayışla gəlir: "Rəis rayonda həkim dedi ki, koronavirussan. Bakıya getməliyəm".

Rəis: "Vətəndaş, bir az məsafə saxla. Sizin rayonda müalicə almaq imkanınız var. Geri qayıdın".

Başqa bir vətəndaş yaxınlaşır: "Ay rəis, yaşlı qadın qalıb maşında. Mən nə edim?".

Aydın olur ki, bu vətəndaş artıq dəfələrlə rəisə müraciət edib və maşında yaşlı qadının xəstə olduğunu deyib.

Polis rəisi cavab verir: "Dəfələrrlə deyilib ki, olmaz. Qadını başqa maşınla yola salın. Özünüz də qayıdın geri".

Başqa bir vətəndaş yaxınlaşır: "Mən hərbçiyəm və Bakıdan forma almalıyam".

Rəis: "İndi mağaza işləməz. Bayramdan sonra alarsan".

Başqaları da yaxınlaşır, başqa səbəblərlə, izahlarla.

Ayrı-ayrı dövlət idarələrində, şirkətlərdə işlədiklərini deyirlər. Arayış göstərənlər də var. Amma Bakı qeydiyyatı olmadıqları üçün geri qaytarılırlar. Ən çox da həkimdən alınana arayışlar əllərdədir...

Bir nəfərin də polis əməkdaşı ilə dialoqunu eşidirəm.

Vətəndaş deyir: "Mən hara qayıdım? Axı müvəqqəti Bakıda qeydiyyatdayam...".

DYP əməkdaşı deyir: "Vəsiqədə Cəbrayıl rayonu yazılıb. Geri qayıtmalısınız".

Vətəndaş: "Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi işğaldan yeni azad edilib. Mən məcburi köçkün kimi Bakıda qeydiyyatdayam".

DYP əməkdaşı: "Ay vətəndaş, bunu bayaqdan izah elə də. Şəxsiyyət vəsiqəsində Cəbrayılı gördüm, qalan hissəsini oxumadım. Müvəqqəti qeydiyyatla bağlı sənədi təqdim edin və gedin".

Vətəndaş Bakıya yola salınır...

Bu zaman polis mayorunun səsi gəlir: "Axı bu maşınlar yol kənarında niyə dayandı? Bakıya buraxılmayanlar dərhal maşınları yol kənarından çəksin".

PPX əməkdaşları maşınların sürücülərini axtarır. Bakı istiqamətindən qaytarılan sürücülər rayon istiqamətində yenə də yol kənarında gözləməyə başlayırlar.

Biz isə yolumuza davam edirik.

Bu bir neçə dəqiqə polis əməkdaşlarından ən çox eşitdiyimiz xəbərdarlıq ilə bu olur:

"Yanvarın 6-dan sonra... İndi heç bir ezamiyyət keçərli deyil. 6-dan sonra gələrsiz...".

Bayramın ilk günündə sıxlıq çox idi. Getdikcə sıxlıq azalır. Çünki çox adam gedə bilmədiyini gördü, görməyənlərə də xəbər verdi.

Sonda onu qeyd edim ki, Bakıya getmək istəyənlərin göstərdikləri səbəblərin, etdikləri izahların doğru olub-olmaması qənaətinə gəlmək çətindir. Amma müşahidə etdiklərimizdən bu qənaətə gəldim:

Bu il çox adam yeni ili planlaşdırdığı kimi rayonlarda qarşılaya bilməyəcək. Otellər günlər, aylar əvvəl qeydiyyata aldığı müştərilərinin bir çoxunu qarşılaya bilməyəcək...

Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum
Müsavat.com

D
demokrat.az