Gündəm

Deputat: “İlham Əliyev son əsrlərin yeganə sərkərdəsidir ki, xalqın milli qürurunu özünə qaytardı”

Deputat: “İlham Əliyev son əsrlərin yeganə sərkərdəsidir ki, xalqın milli qürurunu özünə qaytardı”

“2020-ci ilin əvvəllərindən başlayaraq koronavirus pandemiyası tüğyan etdi. Demək olar, bütün ölkələr qapanmalar həyata keçirdi. Azərbaycanda da bu qapanmalar tətbiq edildi. Bu şəraitdə ölkəmiz sentyabrın 27-də işğal altında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatları keçirdi. 44 günlük Vətən Müharibəsindən sonra 30 illik həsrətə son qoyuldu. Düşünürəm, çətinliklərə baxmayaraq, 2020-ci il ölkəmiz üçün düşərli il oldu”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, buna Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində nail olduq: “Qəhrəman ordumuz Ermənistan ordusunu darmadağın etdi, düşməni diz çökdürdü. Biz təkcə Ermənistanın deyil, erməni faşizminin, onların havadarlarının üzərində qələbə çaldıq. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində diplomatiya, informasiya sahəsində də qalib gəldik.

Bu gün, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Doğrudan da, dünya azərbaycanlıları həmrəydirlər. Biz yumruq kimi birləşərək düşmənə qalib gələn xalqıq. Bununla Azərbaycanın necə güclü və qüdrətli olduğunu dünyaya nümayiş etdirə bildik. Bilirsiniz ki, əsrlər boyu Azərbaycanın torpaqları işğala məruz qalıb. Cənab İlham Əliyev son əsrlərin yeganə sərkərdəsidir ki, xalqın milli qürurunu özünə qaytardı, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Milli birliyə nail olan xalq hədəflərinə də tez çatar. Bu milli birlik Azərbaycanda mövcuddur. Xalqımız Prezident İlham Əliyevə inanır, güvənir. Azərbaycan xalqını həmişə kimi həmrəy olmağa, dəmir yumruğu möhkəmləndirməyə səsləyirəm. Zəfər ilinin davamı kimi, 2021-ci ildə Qarabağda yenidənqurma işləri həyata keçiriləcək. Xalqımızı güclü Azərbaycan naminə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram”.

Demokrat.az

D
demokrat.az