Gündəm

“Kitayski vaksin”

“Kitayski vaksin”

Çin dövlətinin açıqladığı məlumatlara əsasən, artıq 100-dən çox ölkə “COVID-19” əleyhinə hazırlanan “Sinovac” vaksinini sifariş ediblər. Bu ölkələr arasında qardaş Türkiyə dövləti də var.

“Sinovac” vaksininin Türkiyə üzrə nəticələri ilkin olaraq 91,25% effektivlik göstərib. Qardaş ölkənin rəsmiləri bu rəqəmin yekunda daha da yüksək olacağını (təqribən 97 faiz) gözlədiklərini bildiriblər. İndoneziyada da analoji effektivlik faizi qeydə alınıb. Bu olduqca müsbət bir göstəricidir. Təkcə onu xatırlatmaq kifayətdir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.

Bu gün dünyanın əksər ölkələrinin Çin peyvəndinə üstünlük verməsi heç də təsadüfi deyil. Hazırda dünyanın ən çox əhalisinə malik Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasında təşkil edir və bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir. Digər tərəfdən məlumdur ki, Çinin Uhan şəhəri “COVID-19”-un ilk infeksiya ocağı olub. 11 həftə bütün dünyadan təcrid olunan bu şəhərdə indi vəziyyət tamamilə dəyişib. Bu gün dünyanın əksər ölkələri sərt karantində olsa da, Uhanda normal həyatın başladığının şahidiyik. Sərt karantindən əsər-əlamət qalmayıb, artıq bir neçə aydır Uhanda koronavirusa yoluxma qeydə alınmır.

Bu faktın özü dünyanın əksər ölkələrinin Çin peyvəndinə üstünlük verməsi üçün yetərli sayıla bilər. Bu arada Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bəyan edib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.

“Sinovac” vaksininin ümumiləşdirilmiş göstəticiləri kimi

- sürətli immun cavab reaksiyası, - öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə orqanizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil), - daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması, - soyuducuda 2-8 dərəcə temperaturda saxlanılmasının onun daşınmasını asanlaşdırması (Pfizer -70 dərəcədə saxlanılmalıdır)

xüsusi vurğulanır.

Reallıq budur ki, Azərbaycan vətəndaşının ağlında Çin məhsullarına qarşı münasibət o qədər də müsbət deyil. Həmin məhsulların keyfiyyətli olmaması beyinlərə nüfuz edib. Bu mövzunun üzərində dayanıb əsl həqiqətin nədən ibarət olduğunu, əsl Çin məhsullarının dözümlülüyü və başqa reallıqları vurğulamaq mümkündür.

Amma söhbət hazırda Çinin hazırladığı vaksindən gedir və həmin peyvəndin effektivliyi bütün dünya tərəfindən birmənalı şəkildə etiraf olunmaqdadır. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu göz önündədir və bu vaksini sınaqlarda 97 faiz effektivlik göstərdiyi bildirilir.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanda vaksinləmə proqramının gələn ilin əvvəlində dövlət hesabına həyata keçiriləcəyi planlaşdırılır. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın vaksinləmə strategiyası çoxplatformalılığı nəzərdə tutur: “Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq”.

Elman Babayev Əməkdar jurnalist

Demokrat.az

D
demokrat.az