Bu gün narkotik əkənlərin sayı günbəgün artır. Hər dəfə ya televiziyalarda, ya da xəbər portallarında bununla məşğul olan adamların ifşa olunduğunun şahidi oluruq. QHT-lərimiz isə hər dəfəsində “Narkotikə yox” adı altında tədbirlər keçirirlər. Sanki belə tədbirlər çoxaldıqca, narkotiklə məşğul olan adamların da sayı çoxalır.
Bəs bunun qarşısını necə ala bilərik? Demokrat.Az Moderator.az-ın sualını cavablandıran yazıçı, millət vəkili Aqil Abbas açıqlamasında bildirdi ki, bunun üçün ictimai nəzarəti gücləndirməliyik və “Narkotikə yox” adlı tədbirləri isə hər hansı bir rayon mərkəzində yox, məktəblərdə təşkil etməliyik: “Tutalım ki, bir rayonda qırx min adam torpaq əkirsə, onun üç-dörd nəfəri narkotik əkə bilər. Düzdü, bu gün bununla bağlı nə qədər tədbirlər keçirilsə də, buna baxmayaraq narkotik əkənlərin sayı çoxalır və bir tərəfdən də İrandan narkotik daşıyırlar. İranda narkotiklə tutulan adamı edamı cəzasına məhkum edirlər. Amma onlar bizim ölkəyə gələndən sonra ekstradisiya edirik, altı ay sonra həmin adam bir də qayıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarımız bütün gücü ilə çalışırlar, amma buna ictimai nəzarəti gücləndirmək lazımdır. Tutaq ki, hər hansısa bir rayonun yüz min hektar əkin sahəsi varsa, buna nəzarət etmək çətindir. Kəndlilər bilir ki, kənddə kim nə əkir. Narkotik əkmək bütün rayonlar üçün yox, bir neçə rayon üçün xasdır, həmin rayonların adlarını çəkmək istəmirəm”. Aqil Abbas QHT-lərin də fəaliyyətinə toxunub: “QHT-lər hansısa bir rayona gedib 10-15 nəfər ziyalını yığıb deyirlər ki, “Narkotikə yox” deyin. Bunlar əsasən işləri məktəblilərlə aparmalıdırlar. Bu kimi tədbirlər kəndlərdə keçirilməlidir, rayon mərkəzində iyirmi adamı yığıb tədbir keçirməyin faydası yoxdur. Bakı şəhərində əsasən bununla bağlı məktəblərdə tədbir keçirirlər. Mətbuatı izləyəndə görürəm ki, polis rəisinin və ziyalılardan birinin iştirakı ilə məktəblərdə narkotiklə bağlı təbir keçirirlər. Bunu yüksək qiymətləndirirəm. Rayonlarımızda da belə tədbirlər keçirmək lazımdır və görürəm ki, artıq bəzi rayonlarımızda buna başlayıblar. Burda ictimai nəzarət anlayışı var, onu gücləndirmək lazımdır. Bizdə isə fikirləşirlər ki, qonşumun narkotik əkdiyini polisə desəm, mənə “suka” deyəcəklər, amma fikirləşmir ki, demədiyinə görə bu narkotik onun uşağının gələcəyini məhv edəcək. Ona görə də problemlər ordan yaranır. Sizə səksəninci ilin söhbətin edirəm. Bir dəfə beşmərtəbə deyilən ərazidə evlərin birindən oğruluq olmuşdu. Orda yaxınlarım kirayə qaldığı üçün 4-5 ay idi ki, o evə gedib-gəlirdim. Oğurluq hadisəsinə görə polis rəisinin yanınan getmişdik və sahə müvəkkilini də bölməyə çağırmışdılar. Sahə müvəkkilinə dedim ki, neçə ildi orda işləyirsən? Dedi ki, beş ildir. Dedim ki, dörd aydır bura gəlib-gedirəm, kimin nə satdığının hamısını bilirəm, bəs necə olur beş ildir burda işləyirsən, bunları bilmirsən? Demək istəyirəm ki, kənddəki adamlar qonşusunun nə əkdiyini bilir. Bunun qarşısını almaq üçün rayon İcra Hakimiyyətləri, icra nümayəndələri, bələdiyyələr də tədbir görməlidir”.“Bizdə fikirləşirlər ki, qonşumun narkotik əkdiyini polisə desəm, mənə “suka” deyəcəklər...” - Aqil Abbas
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


