“Gununsesi.org” saytının Baş redaktoru Pərviz Həşimlinin yaşadığı mənzil qarət olunub.
Demokrat.Az xəbər verir ki, bu barədə jurnalistin özü dünən gecə “Facebook” sosial şəbəkəsində yazıb:
“Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər oğurlanıb. Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm. Yeni mənzildi deyə, bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar”.
P. Həşimli sonradan bildirib ki, dərhal 102 xidmətinə zəng edib və polislər hadisə yerinə gələrək mənzilə baxış keçirib. Müvafiq tədbirlər həyata keçirilib.
Oğruların yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda bir neçə tanınmış jurnalistin evi qarət olunub. Jurnalistlər hadisə ilə bağlı polisi məlumatlandırsa da, ancaq oğurluq hadisələrinin əksəriyyətinin üstü hələ də açılmayıb. Misal üçün, bu il martın 26-da Demokrat.Az xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Vasif Həsənlinin yaşadığı evdən oğurluq hadisəsi baş vermişdi. Hadisə barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova da müraciət edilib. Ancaq indiyədək hələ də bu oğurluq hadisəsinin üstü açılmayıb.


