Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla 18 Oktyabr 1991-ci il tarixinədək və sonralar keçmiş İttifaqda və respublikamızda baş verənlərlə bağlı geniş söhbətimizin davamında 1991-ci ilin payızında keçirilmiş Qarabağ danışıqları, Xocalı və Şuşanın işğalı, Moskvadakı mühacirət dövrü, son Qarabağ mitinqləri və s. haqda söz açdıq.
“1991-1992-ci illərdə Azərbaycanda yiyəsiz, maaşsız qalmış Rusiya zabitlərinin o vaxtkı Moskva hakimiyyətinə nifrətindən yararlanıb Qarabağı azad etmək olardı...” - Ayaz müəllim, bildiyimizə görə, 1991-ci ilin payızında Qarabağla bağlı danışıqlarda Ter-Petrosyan ermənilərin həmin ilin yazında “Həlqə” əməliyyatı zamanı azad edilmiş kəndlərimizə qaytarılmasına çalışıb... - Bəli, o zaman Rusiyanın Jeleznovodsk şəhərində və Xankəndində danışıqlar olmuşdu. Səhv etmirəmsə, dediyiniz məsələ Xankəndində baş vermişdi. 1991-ci ilin oktyabrında Rusiya prezidenti B.Yeltsin, Qazaxıstan prezidenti N.Nazarbayev vasitəçilik məqsədilə Bakıya gəlmişdilər. Sonra buradan Xankəndinə yollandılar. Xankəndinə o vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyanın komandası hazır protokolla gəlmişdi. Onlar təklif edirdi ki, erməniləri bizim 1991-ci ilin aprel-iyulunda terrorçulardan təmizlədiyimiz və dinc sakinlərin köçürüldüyü kəndlərə geri qaytaraq. Başda Ter-Petrosyan olmaqla ermənilər Yeltsinin nüfuzundan istifadə edərək buna nail olmağa çalışırdılar. Lakin biz o zaman bu istəyə sərt müqavimət göstərdik. Ter-Petrosyana sual etdim ki, yaxşı, biz o kəndləri qaytarırıq, bəs siz Ermənistandan qovulmuş 200 mindən çox azərbaycanlını öz yurdlarına qaytaracaqsınızmı. Razısınızsa, paritet əsasda müqavilə imzalayaq? Bundan sonra o, susmağa məcbur oldu. Bir sözlə, ermənilərin niyyəti baş tutmadı. Ona görə də onlar bu günədək mənə qarşı çox acıqlıdırlar... - Oxuculardan biri sual edir: “Ayaz müəllim, 1992-ci ilin 15 mayında niyə Ankaraya yox, Moskvaya getdiniz? Hansı paytaxt daha etibarlı idi?” - Bilirsiz, o zamankı ekstremal vəziyyətdə ölkəni tərk edərkən seçim etmək imkanım yox idi. Mənim SSRİ-dən xaricdə, o cümlədən Türkiyədə heç bir yaxın tanışım yox idi. Odur ki, Ankara haqda da düşünmək mənasız idi. Çoxları elə bilir ki, Moskva mənə qucaq açıb və çox mehribanlıqla qarşılayıb. Amma gerçəklik o idi ki, Azərbaycan xalqının aldadılmış xeyli hissəsi də, Moskva da məndən üz döndərmişdi. Hətta oradakı insan haqları müdafiə təşkilatları da mənə qarşı haqsız mövqe tutmuşdu. Və mən sadəcə, orada azərbaycanlı dost-tanış olduğuna görə getmişdim. Moskvada başıma gələn çətinlikləri danışsam, hamı şoka düşər. Odur ki, belə söhbətlər əsassızdır.... Mən prezident olsam da, qara gün üçün heç bir pul-para toplamamışdım. Moskvaya içərisində Ali Sovetə aid bir neçə sənəd olan bir portfellə gəlmişdim. Oraya çatanda məni müşayiət edən dostlarımdan soruşdum ki, üstünüzdə pul varmı. Və onlar ciblərində olan az miqdarda pulu mənimlə bölüşdürdülər. Repressiyalara məruz qalırdım. Arxamca adam göndərirdilər, hədələyirdilər. Bu səbəbdən dəfələrlə yaşadığım yeri dəyişməyə məcbir olurdum... “Moskvanın adamı”na belə münasibət olardımı Moskvada?.. - Yenə oxucumuz sual edir: “15 mayda hakimiyyətdən devrilməsəydiniz, Şuşanı azad etməyə nail olacaqdınızmı?” - Əlbəttə, bu istiqamətdə çalışmalarımız olacaqdı. Və çox güman ki, buna nail olcaqdıq. Çünki biz bu istiqamətdə əvvəldə işəyirdik. Əgər 6 mart olmasaydı və AXC imkan versəydi, biz hərbi-siyasi və diplomatik yollarla Xocalını da azad etməyə nail olacaqdıq. Onun ardınca da bütün Qarabağ qanunsuz erməni birləşmələrindən azad ediləcəkdi... - Yəni deyirsiz, Azərbaycanda qalan Rusiya hərbi hissələrinin vasitəsi ilə bunu etmək mümkün idi? - Bəli. Bilirsiz, bunu Yeltsinin ətrafındakı demokrat ruslarla danışıqlar aparan cəbhəçilər xəyanət kimi yozurdular. Amma söhbət başqa cür idi. Həmin vaxt gerçəklik belə idi ki, SSRİ dağıldıqdan sonra digər müttəfiq respublikalardakı rus hərbçiləri kimi Azərbaycandakılar da dağınıq, başsız vəziyyətdə qalmışdılar. Təsəvvür edirsiz, buradakı rus hərbçilər yeməyə çörək tapmırdı. Vəziyytləri ağır idi. Çünki aylarla maaş almırdılar. Bizdən yardım diləyirdilər. Hələ 1991-ci ilin payızında bir dəfə rus zabitlərin yığıncağında Qorbaçovun əleyhinə xeyli çıxış etdim. Dedim ki, hələ aydınlaşdırmaq lazımdır ki, Qorbaçov Kremldə nə iş görür. Buna yol vermək olmaz. Belə çıxışlarımdan əksəriyyəti sovet əqidəli olan rus zabitlər həvəslənir və onları aciz maddi və mənəvi durumda buraxmış Moskvadakı hakimiyyətə qarşı nifrətləri artırdı. Odur ki, o vaxt Azərbaycandakı rus hərbçilərə bir az pul verməklə Qarabağ məsələsini qısa müddətdə həll etmək olardı. Məlum qüvvələr imkan vermədi bizə... - Ayaz müəllim, son vaxtlar Qarabağ Azadlıq Təşkilatı və bir sıra digər qurumların təşəbbüsü ilə Qarabağ mitinqlərinə start verilib. Sizin münasibətiniz necədir bu məsələyə? Sizcə, məsələn, Azadlıq meydanında 1988-ci ildəki kimi azı 100 min vətəndaşın iştirakıyla izdihamlı bir mitinq təşkil edərək beynəlxalq güclərdən, super dövlətlərdən torpaqlarımızın azadlığını tələb etsək, bunun bir effekti olarmı? - Əlbəttə, olar. Bunu təşkil etmık lazımdır. Ancaq məsələ ondadır ki, biz həmin 100 mini meydana toplaya biləcəyikmi?.. - Bəs maraqlıdır ki, 1988-ci ildə Şuşa Topxanasındakı bir neçə ağacın harayına 1 milyona yaxın adam Azadlıq meydanına yığıldığı halda bu gün olan-qalan torpaqlarımızın işğal edilmiş 20 faizinin harayına bir balaca stadionu doldura bilmirik... - Bilirsiz, o vaxt xalq inamla meydana axışırdı. Orada çıxış edən liderlərə inanırdı. Ancaq onlar xalqın bu səmimi mübarizə ruhundan, enerjisindən necə yararlandılar? Hakimiyyətə gəlib nə edə bildilər? Həmin milyonların inamını, ümidini öldürdülər... Əsas səbəblərdən biri budur.(moderator.az)“AXC imkan versəydi, Xocalını da geri ala bilərdik” — Ayaz Mütəllibov
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


