Sosial

Zəncanlı sürücüdən öyrəndiklərim...

Zəncanlı sürücüdən öyrəndiklərim...

2009-cu il yazı çox yaxın bir şəxsin müalicəsi məqsədilə İrana səfər etmişdik. Bakıda müalicə mümkün olmamışdı: tanınmış tibb professorlarımız yanlış müayinə aparmış, sonra da bir-birilərini ifşa etmişdilər. Nəhayət, bir tanış həkim müalicəni Türkiyə və ya İranda aparmağı tövsiyə etmiş, az yaşlı əzizimizin Bakıdakı hansı yanlış müayinələrə cəlb olunmasının fəsadlarını da izah etmişdi.

Dostlar, tanış həkimlər vasitəsilə və internet üzərindən Türkiyədə tapdığımız xəstəxanalarla müqayisədə Tehrandakı analoji xəstəxanalar az qala iki dəfə ucuz müalicə təklif edirdi, üstəlik, yol və qalma xərcləri də Türkiyə ilə müqayisədə xeyli aşağı idi. Bakıdakı qiymətlər və müalicə effekti ilə isə müqayisə etməyə dəyməzdi. Odur ki, Bakıda çalışan və təmaslarım olan həmşəhri həkimlərlə də məsləhətləşdikdən sonra Tehrana getməyə qərar vermişdik.

Astaradan Tehrana kimi 800 kim-lik yolu gedəndə də, qayıdanda da özəl taksilərdən istifadə etmişdik. İki həftəlik İran səfərimiz bu ölkə üçün çox ciddi hadisələr vaxtına- prezident seçkilərinə təsadüf edirdi. Daha çox Mirhüseyn Musəvi və Mahmud Əhmədinejad arasında gedən seçki yarışı ciddi mübahisələrlə bitmişdi, bütün İran boyu Musəvini müdafiə edən “conbeşe-səbz” (yaşıl hərəkat) tərəfdarlarının etiraz aksiyaları keçirilirdi. İranla əyani tanışlığım iki həftə boyu o aksiyaları izləməklə başladı.

Aksiyaları seyr etməyimiz İran Astarasından olan sürücümüzün diqqətini cəlb etdiyindən bizi həvəslə “maarfiləndirirdi”.

-Əhmədi özümüzündür (onun talış və ya azəri türkü olduğu deyilirdi), baxeysən o qalib olacax. Biliysən niyə, baba?

Gözləmədən özü də cavab verirdi:

-Çün mən hər kimə ki rəy verdüm ha(səs versəm),o da qalib olmalıdır, rayəndə(sürücü) olmağıma baxma.

Yol boyu neft pullarının ədalətli bölgüsünü təmin etmək üçün Əhmədinejadın atdığı hansısa addımlardan, teledebatlarda Mehdi Kərrubinin milyonluq korrupsiyasını ifşa etməsindən uzun- uzadı, ağızdolusu bəhs etdi.

Sonradan Tehranda rastlaşdığım gənc müəllimlərdən biri də “Musəvini, yainki Əhmədinejadı istirsin” deyə sual vermişdi. “Sizin öz işinizdir, amma Musəvi mənə daha doğma gəlir” demişdim. “Yəqin, azəri olduğunu deyib ona görə hə?”. Cavab gözləmədən əlavə etmişdi: “Səninki əz qeyrəti-nejadidir (etnik təəssübkeşlikdəndir), ağa, əncax bu intixabı Əhmədi əparacax”.

Amma bizi Tehrana aparan astaralı sürücüdən və Əhmədinejadın təbliğatçısı olan dini hövzə müəllimindən fərqli olaraq, qaldığımız hotelin işçiləri, sonra bizi qonaq etmiş ailə və Kərəcin Tehrana yaxın şəhrəkində(mikrorayonunda) yaşayan qonşuları, müalicə həkimləri, kiçik ticarətçilər, bizi geri gətirən zəncanlı sürücümüz-bir sözlə, rastlaşdığımız şəxslərin çoxu Əhmədinejadın əleyhdarı idi. Qonaq qaldığımız ailənin 72 yaşlı gümrah başçısı daha sərt idi, gün ərzində yeraltı iki mərtəbəli mənzilində (underground house) BBC, “Radiofərda”, “Amerikanın səsi” izləyir, “rejimin getmax vəxtinin çatdığını” aktiv müzakirə edirdi. Şəhərdə bizi müşayiət edərkən səslənən şüarlar ona sevinc bəxş edirdi. “Gördüz nə dedilər, bizim torkeni düşünüyən? ” “Hə, dedim-farsca da az-maz anlayıram”. “Gör nə deyirlər –Əhmədi, Əhmədi haleye-nur didi, rəye ma nə didi?” (Əhmədi, nur haləsini gördün də, mənim səsimi niyə görmədin?)(Mərkəz vilayətlərinin yerli azərbaycandilli əhalisinin dialektlərində feilin indiki zaman ikinci şəxsi təsrif edilrəkən “s” hissəciyi atılır- “Gəlirsən” əvəzinə “gəlirən”. “Gəlirsiniz” əvəzinə “gəliriz” deyilir və s).

Qonşu dövlətin və Azərbaycanımızn dindar əhalisini rəncidə etməmək üçün “nur haləsi“ ifadəsini geniş izah etməyə lüzum bilmirəm. Qısa olaraq deyim ki, Əhmədinejadın totalitar höccətiyyə ordeninə mənsub olduğu deyilir. Söyləyirlər ki, o, Qaib İmamın gəlişinə hazırlıq məqsədli proqramlar icra edir, imamı nur haləsi şəklində görüb söhbətləşdiyini iddia edirmiş.

O zaman Qərbə qarşı duruşuna görə Əhmədinejadın rejim üçün əhəmiyyəti və vilayəti- fəqihin öz qohumu Musəvini deyil, onu dəstəkləməsi anlaşılan olsa da, sistemlə höccətiyyənin gec-tez sürtüşəcəyi adi müşahidə ilə təsbit olunacaq qədər aşikar idi. Məni maraqlandıran anti-Əhmədi ( bu o zaman üçün həm də antisistem demək idi) kampaniyasının tərəfdarlarının kimyəvi tərkibi-kimlərdən ibarət olması idi. Müşahidələrimi geri dönüşümüz zamanı növbəti “maarifçimiz”- sürücümüz də dəqiqləşdirəcəkdi.

-Biz- vəsət Əhmədini istəmirux.

Bir az duruxdu, “Ağa, sən bakuluyan(bakılısan, İranda bütün şimali azərbaycanlıları çox zaman “bakulu” kimi təqdim edirlər ), vəsəti BİLİRƏN?” Təsdiq alandan sonra davam elədi. “Rayəndələr, müəllimlər, döktöre-pezəşkilər, mühəndislər, forudgah işlədənlər, məmurlar –hamımız vəsətux da. Biz dəyişik rejim olsun istirux, ahəngə (mahnı, musiqi) qulaq asmaq istirux, ristironda bira içmax istirux. Sən abco içiyən? A, a, niyə yox? Bə ağa, adam da hələ neməti içməz?”.

Yol boyu gah fars, gah Azərbaycan, gah gilək, gah türk, gah da Azərbaycan və gilək dillərinin qarışığını andıran hansısa kreol ləhcədə ( tanıdığım iranşünaslar bunun semnani ya kerinqani ola biləcəyini iddia etdilər) mahnılar dinləməkdən qulağım uğuldayırdı. “Sizin vəsətin sevdiyi musiqi budurmu?” soruşmuşdum. “Hə, ağa biz belə ahəngləri söyürux” demişdi.

...AKP-nin Türkiyədə bütün səviyyələrdən olan seçkilərində ard-arda qələbələri, “e muxtıra” böhranını adlamasını izləyəndə vəsət-orta sinif fenomeninin seçkilərə, siyasi sistemin dayanaqlılığına və ya inqilabi dəyişikliyə vəsilə ola bilmə səbəblərini araşdırmağa çalışmışdım.

Ölkə iki qütbə bölünmüşdü. Bir qütbdə vaxtilə ölkə sərvətlərinin 80-90 faizinə nəzarət edən, şərti olaraq TUSİAD-lılar deyə biləcəyimiz, ölkənin dini çoxluğuna, dəyərlərinə, Osmanlı keçmişinə xor baxan, əsasən Qərb təhsilli, ingilisdilli, Anadolu kəndlisi üçün qulağayad soyad daşıyıcıları- Vakkolar, Boynerlər, Berkerlər, Koşunerlər və onların əsasən balkanlılardan, dönmələrdən, ələvi zazalardan ibarət azlıq elektoratı; digər qütbdə isə “Anadolu qaplanları”, onların sözçüsü olan imamxətib məzunları( bu təhsil müəssisələri peşə məktəbi statusunda idi), onları anlayan, hər seçkidə onlara səs verən köylülər,varoşlar, qəribanlar.

“Anadolu qaplanları” bölüşməyi bacaran, heç nəyə gücü çatmayanda vətəndaşa “beyaz eşya” və ya kömür təklif edən bələdiyyə sədrləri, daha sonra ölkə miqyaslı siyasətçilər yetişdirdi. O siyasətçilər orta sinfin və Ərdoğan demiş “yüzündə tüy bitmeyen öksüzlerin” leksikonunu bilirdilər. Sezərin nitqini xüsusi sözlük olmadan anlamayan qarslı azəri, trabzonlu laz, muğlalı türkman onları rahat anlaya bilirdi, əlçatan idilər. Layt türklərdən fərqli olaraq yallı, horon, halay sədası eşidəndə burunların tutub keçmirdilər. Namaz qılanı təpikləyib “Allahu əkbər” əvəzinə “ey Ulu Tanrı” ifadəsi ilə təkbir gətirməyi, məscidə Vakkonun “şən şapka”sında girməyi tələb etmirdilər. Hər vəchlə xalqdan biri olduqlarının mesajını verirdilər. Layt türklər indi heç zaman olmadığı qədər anlayırlar ki, Türkiyə Nişantaş və Cihangir prospektlərindən ibarət deyilmiş. İndi layt kürd dedikləri özlərinəbənzərlərlə ittifaqa girirlər, bayram namazına, Ayasofyada ibadətə gedirlər. Çox gec də olsa.

...Yanukoviç və Yuşşenko arasında seçki çəkişmələrini o zaman Qərbin bəzi media orqanları "milyonçuların milyarderlərə qarşı mübarizəsi" kimi qiymətləndirmişdi. Yəni yenə də orta sinfin gözardı edilməsi Ukraynada bu gün də davam edən turbulentliyə- çalxantıya, siyasi dayanaqlılığın itirilməsinə səbəb oldu. 2005-cü ilin əvvəllərində həmin seçki haqda “İzvestiya”da getmiş bir reportajın əsas təsbitini indi də xatırlayıram - pablarda, barlarda rusdilli qədəhdaşları ilə yeyib- içib əylənənlər seçki qutusuna sarı getməyi artıq əziyyət hesab etdilər. Uniat və avtokefal kilsələrdə ibadətdən çıxanlarsa gedib Yuşşenkoya səs verib seçkinin taleyini müəyyənləşdirdilər.

...İndi mərkəzçi siyasi qüvvələrin dəbdə olması, sağ-sol bölgülərinin itməsinin səbəbi onlardır-orta sinfin fəal nümayndələri. Orta sinif haqda nəzəri məsələlərə toxunmaq istəmirəm. Bir az hazırlıqlı oxucu o nəzəriyyələrlə onsuz da tanışdır, internet üzərindən biliklərini təzələyə də bilər. Ən ümdə təsbitlərdən bəzilərini sadalayıram- bu sinfin nümayəndələri öz xarakteri etibarilə xalqçıdır, sinfin özü kimi rəğbəti də dayanaqlı deyil, bəzən ifrat dini və ya millətçi şüarlara, bəzən solçu şüarlara da sarıla bilər. Ölkənin birində dindən bezirsə, digərində dinə sahiblənir; birində irqçiliyə qarşıdırsa, digərində (məsələn, ABŞ-dakı son seçkilərdə olduğu kimi), irqçi kimi görünən namizədin xeyrinə seçim edir. Bu seçimlər konkret situasiyadan və ölkənin reallıqlarından irəli gəlir. Odur ki, hətta İran kimi teokratik rejimlərin belə taleyi bəzən cəmiyyətin “qızıl orta”sına –orta sinfə hansı mesajlar verilməsindən, ona necə xitab edilməsindən asılı olur. Bu sinif Türkiyədə son 18 ildə müşahidə etdiyimiz kimi ölkənin ənənəvi siyasi platformasını yenidən dizayn edəcək keyfiyyətdədir. Dövlətlər, iqtidarlar bu təbəqənin genişlənməsində, mümkün qədər loyal qalmasında və düzgün seçimlərə meyillənməsində maraqlıdırlar, maraqlı olmalıdırlar da.

...Əslində 12 il sonra İran hadisələrinə qayıtmaq, jurnalist olduğum zaman dərc etmədiyim qeydlərimə əl gəzdirib yaymaq fikrim yox idi. Amma Bakı Nəqliyyat Agentliyinin nataraz açıqlaması və açıqlama ətrafında uzun müddət davam etmiş ajiotaj məni yenidən o hadisələri xatırlamağa məcbur etdi. Bizdə də təbii ki, orta sinif var- tərkibi və zövqləri ilə də İran, Türkiyə və ya Ukraynadakı analoji təbəqəyə yaxındır. Hələ 2008-ci il seçkiləri ərəfəsində Zərdüşt Əlizadə “Mediaforum”a müsahibəsində deyirdi ki, Azərbaycanda neft gəlirlərindən bəhrələnən, mənzil şəraitini yaxşılaşdıran, şəxsi avtomobil parkını yeniləmiş və ya ilk dəfə avtomobil almış yüz minlərlə seçici var. ABŞ-ın sabiq səfiri Metyu Brayza isə yoxsulluğun azaldılması, regionların inkişafına dair dövlət proqramlarının nəticələrinə diqqət çəkərək, İlham Əliyev iqtidarının ölkədəki və xaricdəki opponentlərini açıqlanan rəqəmlərə ciddi yanaşmağa təklif edirdi. Yəni, ölkədə həyata keçirilən iqtisadi siyasətin hər halda real nəticələri var, bu nəticələr sayı ciddi rəqəmlərlə ifadə olunan orta sinif formalaşdırıb. Lakin... Lakin 2015 və 2020 böhranları, əlbəttə ki, onsuz da kövrək olan bu təbəqəni silkələyib və yenə də silkələyir, onun hər hansı dəyişikliklərə, uyğun olmayan ifadələrə daha həssas yanaşmasına səbəb olur.

Belə halda olduqca aydın mesajlar verilməsinə, daha qucaqlayıcı, barışcıl, vətəndaş həmrəyliyini artıran addımlara, adekvat ritorika və leksikona ehtiyac var.

Bəs biz, az qala bir həftə ərzində bu sinfə nə təklif edirik? “Çikaqolu oğlan”lardan biri çıxıb orta sinfə taksiyə minməyi qadağan edir, sürücülük etməklə lümpenlikdən orta sinfin aşağı mərtəbəsinə keçid etməyi çox görür, məktəb direktoru maddi sıxıntısını açıqladığına görə cəzalandırılır, 200 manatlıq donun müzakirəsi davam etdirilir, kimin kimdən xoşu gəlmirsə, “sən filan vaxtı filankəsə salam vermisən” kimi “ağır cinayət əməlinə” görə dışlayır, iş müraciətini ictimailəşdirmiş insanlara qarşı xüsusi linç davam edir...

Bilmirəm kim hansı dildə düşünür, amma ölkənin anlayacağı dil bu, deyil. Bunu zəncanlı rayəndə də başa düşdü, trabzonlu imamxətib məzunu da. Təəssüf ki, nişantaşlı başa düşmədi, ya çox gec başa düşdü.

...Bir az anlayışlı olmağa ehtiyac var. Caz -muğama qulaq asan da; “Urusetdəki lavkası sayəsində” Bakıda özünə gün ağlayan, amma caz muğama yox, Tacirin və ya Əflatunun “hansısa toy zapisi”ndən eşitdiyi və adına “Ana muğamatı” dediyi musiqili parçaya fanatlıq edən də; Bakı şansonu namına Aydınçiki sevən də; Məhəbbətin “Laçınım” harayını sevən də; Rəmişi idealizə edən deputatımız da; Şəbnəmi sevən məchul həci də; “Tellayı çal, Əjdər əmi”yə qol qovzayıb süzən, sonra da özünə park salanlar da; “dünya bir canlıdır, mən onun boğazını üzmüşəm” deyə fəlsəfə xırdalayan Miryusifi sevən layt azəri də bizimdir. Nə xoş olardı ki, şanson adına Mirzə Babayevi, Hüseynağa Hadıyevi, heç olmasa İdris Mehdiyevi dinləyəydik. Heç olmasa bircə dəfə “Məhəbbət əfsanəsi”nə baxaydıq, ofisimizdə caz muğamların yox, simfonik muğamların plastinkalarını saxlayaydıq. Ya da cəmiyyəti buna hazırlayaydıq, hərçənd olmaması da faciə deyil. Gün gələr, düzələrik, yoxa lənət! Vaqneri, Motsartı dinləyib- dinləməmək adamı üstün və ya əskik alman etmədiyi kimi, Baloğlanı, ya Miryusifi; Hacıbəylini yoxsa Mehdizadəni dinləmək də adamı birinci ya ikinci sort azərbaycanlı etmir. Mesajdırsa, gəlin bir boy yuxarıya –Üzeyir bəyə, Qara Qarayevə, Soltan Hacıbəyova, Niyaziyə, Fikrət Əmirova... doğru can ataq. Nə “Ağabala Çaykovski”, nə də “Ay qız, keçmə bizim məhlədən” can atılacaq ucalıq deyil axı..

...İrandan qayıtdıqdan bir müddət sonra tədbirlərdən birində həmin ölkənin səfirliyinin bir əməkdaşı yaxınlaşıb Türkiyə türkcəsi ilə farscanın qarışığından ibarət xüsusi azərbaycancası ilə soruşmuşdu:

-Bizim keşvərimizi nicə buldun, ağa?

Yeniyetməliyimdə doğulduğum yerin köhnə kişilərinin birindən farscanın maraqlı Təbriz ləhcəsində eşidib yadda saxladığım atalar sözü ilə cavab verdim:

-Hər koca ke rəftəm, aseman haman rəng əst(Hara getsəm, göy üzü eyni rəngdədir).

-Day denən, yəxçi bulmamışam da...

Və dönüb getdi..

Cəmaləddin Quliyev Demokrat.az

D
demokrat.az