Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, uzun müddət KVN-çi aktyorlar tərəfindən geniş reklam olunan “Yeni Bakı” yaşayış kompleksinin əslində şəhərin hər tərəfini bürüyən “qanunsuz tikili” kateqoriyasına aid olduğu üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu şəhərciyin sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış (“kupça”) ala bilmirlər və ötən həftə sonu küçəyə çıxaraq kütləvi etirazlarını bildiriblər.
Sakinlərin kütləvi narazılıqlarına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən “İlin dörd fəsli” MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb, onlara hər dəfə 3-5 aya “kupça” ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi əslində əkin təyinatlı imiş və burada ev tikilməsi qeyri-qanunidir. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, bunu da evlərinə qanuni sənəd düzəltmək üçün “ASAN Xidmət”ə müraciət edərkən öyrəniblər.
Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Qeyd etmək lazımdır ki, Bakıda əslində qanunsuz tikili statusunda olan və yeni tikilən çoxmərtəbəli yaşayış binalarının sayı yüzlərlədir. Tikinti şirkətləri binanın özülünü qazan kimi hələ hazır olmamış mənzilləri satır, binanı tikib qurtarandan sonra isə məlum olur ki, şirkət ya vergini ödəməyib, ya tikinti aparılan torpaq sahəsi üçün icazə sənədləri qaydasında deyil, yaxud bina istismara qəbul edilmək üçün yarasızdır. Nəticədə belə binaların sakinləri mənzilləri üçün çıxarış ala bilmir.
“Yeni Bakı” yaşayış kompleksində isə vəziyyət daha da mürəkkəb və görünməmiş miqyasdadır. Çünki əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib, mənzillər satılıb, amma bütün bu vaxt ərzində tikinti aparılması qanunsuz olan torpaq sahəsi üzərində salınan şəhərciyin qanunsuz olduğuna heç kim diqqət yetirməyib.
Qeyd edək ki, "İlin 4 fəsli" MTK-nın "Yeni Bakı" yaşayış kompleksi ilə bağlı reklam rolikində orada mənzil almağın əsas üstünlüklərindən biri kimi bütün mənzillərin "kupça" ilə təmin olunacağı göstərilirdi. Amma həmin reklamın çəkilməsindən illər keçsə də kompleksin sakinləri "kupça" üzü görməyiblər. Üstəlik onların mənzillərə mülkiyyət hüququnu verən bu sənədi nə zaman alacağı da üfüqdə görünmür.


