Mandat daşıyanların susqunluğu — Çingiz Qənizadənin dəyişməyən mövqeyi...

TƏHLİL 15 avq 2020, 10:33

“Bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salam-əleyk qurtardı”.

 

Bu məşhur atalar sözü Azərbaycanda ən çox işlədilən və tez-tez yada düşən frazalardan biridir. Hətta, şəxsi münasibətlərdən tutmuş siyasətə qədər hər yerdə və hər məsələdə yerinə düşən sözdür. Çünki həqiqətən də bir çoxları salamı belə təmənna ilə alırlar və yaxud da verirlər.

 

Sonuncu parlament seçkilərindən sonra atalarımızın bu sözü siyasi sferada daha çox yerinə düşür.


Seçkilərdən artıq bir neçə ay keçir və uzun illər cibində mandat daşıyan bir çox deputat daha ekslərdəndir. Eks-deputat olan belələrinin əksəriyyəti sözün həqiqi mənasında “eks” olublar. Onlar demək olar ki, gözə dəymirlər, heç bir ictimai-siyasi proseslərdə varlıqları hiss olunmur.


Ekslərin hazırda nə işlə məşğul olduqları ilə maraqlandıq. Kimisi biznes fəaliyəti ilə məşğuldur, kimisi susub oturub, kimisinin səsi qeybdən belə gəlmir, bəzilərini isə ümumiyyətlə tapa bilmədik. 


Azərbaycanın ətrafında bu qədər siyasi proseslərin getdiyi bir məqamda vaxtilə parlament kürsüsündən boylanan belə eks-deputatların səsinin batması atalarımızın həmin məşhur sözünü xatırladır: “Bağda ərik var idi...”.


Deməli, belələri üçün nə dövlət, nə millət maraqlı deyil, onların dərdi “ərik”, yəni mandat imiş, mandat gedəndən sonra yoxa çıxıblar. 


Zaman göstərdi ki, belələrinin məqsədi heç də dövləti, yaxud Prezidenti müdafiə etmək deyilmiş, sadəcə vəzifələrini itirməmək üçün özlərini gözə soxurmuşlar. Mandat gedəndən sonra onlar üçün heç bir dəyər qalmayıb. Əslində, bu mənzərə hər kəsin kim olduğunu anlamağa da imkan verir.

 


Amma sabiq deputatlar arasında çox nadir hallarda istisnalara da rast gəlirik. Misal üçün, Cingiz Qənizadə belə nadir nümunələrdəndir. Çingiz Qənizadə sonuncu parlament seçkilərində seçilə bilmədi və mandatını itirdi. Amma bu, onun mövqeyinə heç bir təsir etmədi, əksinə daha da həvəslə Azərbaycan dövlətinin milli maraqlarının keşiyində dayandı. Hazırki həssas dövrdə Çingiz Qənizadə davamlı şəkildə dövlət və milli maraqları, o cümlədən, ölkə Prezidentini müdafiə edən mövqedə yer alıb və öz potensialını bu istiqamətə sərf edir.


İndiki mövqeyi göstərir ki, Çingiz Qənizadə üçün mandat, yaxud vəzifə əsas deyilmiş, parlamentdə olsa da, olmasa da, onun üçün hər yer kürsüdür və istər real, istər virtual kürsülərdən Prezidenti və dövlətin maraqlarını daim müdafiə edir, hətta bu mövqeyinə görə bir çox hallarda sosial şəbəkələrdə qaragüruhun hədəfinə də çevrilir. 


Zaman göstərdi ki, Çingiz Qənizadə deputat olanda da bunu edirdi, olmayanda da edir. Ancaq bu gün parlamentdə təmsil olunan deputatların əksəriyyəti nəinki başqa kürsülərdə, heç qanunverici orqanın kürsüsündən belə heç bir mövqe sərgiləmir, ağızlarına su alıb oturublar. Halbuki, Çingiz Qənizadə parlament kürsüsündən ayrılsa da, hətta onların da yerinə danışır, dövlətin və hakimiyyətin təəssübünü çəkir, ortaya konkret mövqe qoyur. Ona görə də indi parlamentdə susub oturan deputatlara baxanda, qanunverici orqanın Çingiz Qənizadənin timsalında çox şey itirdiyini görmək çətin deyil...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top