Avropada terror planlaşdıranlar saxlanılıb

DÜNYA 17 sentyabr 2025, 22:50
Litva Prokurorluğu ölkədə hüquq-mühafizə orqanlarının Avropanın müxtəlif ölkələrində terror aktları planlaşdıran və həyata keçirməyə cəhd edən dəstəni ifşa etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, istintaqın məlumatına görə, 19 iyul 2024-cü ildə Litva vətəndaşı Aleksandr Şuranovas (A.Ş.), bir neçə həmkarı ilə birlikdə DHL və DPD beynəlxalq çatdırılma xidmətlərindən istifadə edərək Vilnüsdən Avropanın müxtəlif ölkələrinə dörd ədəd partlayıcı qurğu yerləşdirilmiş bağlama göndərib.

20–22 iyul tarixlərində həmin bağlamalardakı partlayıcılar Almaniya, Polşa və Böyük Britaniyada partlayıb. Polşa ərazisində DPD vasitəsilə daşınan digər bir partlayıcı isə texniki nasazlıq səbəbindən işə düşməyib.

LRT-nin məlumatına görə, partlayıcı qurğular Rusiyadan Vilnüsə gətirilərək masaj yastıqları və intim oyuncaqların içinə yerləşdirilib.

Litva istintaq orqanları bildirir ki, bu cinayətlərin təşkili və koordinasiyası Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli şəxslər tərəfindən həyata keçirilib.

Cinayət işində Litva, Latviya, Estoniya, Rusiya və Ukrayna vətəndaşları da fiqurant kimi göstərilir. Onların axtarışı və cəlb olunması şəxsi tanışlıqlar və “Telegram” vasitəsilə həyata keçirilib, tapşırıqları yerinə yetirməyə görə pul mükafatı vəd olunub.

Hazırda 15 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb, 3 nəfər isə beynəlxalq axtarışa verilib. Onlar terror qruplaşması yaratmaq və terror aktı törətmək maddələri ilə təqsirləndirilir və ömürlük həbs cəzası ilə üzləşə bilərlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top