“Brüsseldə vəhşicəsinə döyülən, təhqir edilən soydaşlarımızın video-təsvirləri, foto şəkilləri sosial şəbəkələrdə sürətlə yayılır. Acı mənzərədir. Azərbaycanlıların NATO-nun mənzil-qərargahının yerləşdiyi ölkədə, şəhərdə dinc aksiya keçirdiyinə görə xüsusi hazırlanmış şəxslər tərəfindən vəhşicəsinə döyülməsi, ağır xəsarətlər alması vicdanı olan hər kəsi incidir”.
Demokrat.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
M.Ağayev qeyd edib ki, mütəşəkkillik, milli birlik, həmrəylik tələb edən indiki şəraitdə azərbaycanlılar dünyanın hər yerində bir araya gəlməli, vətəndaşı olduğu dövlətlərin qanunlarından hazırda cinayətlər silsiləsi törətməkdə davam edənlərə qarşı ölçü götürməyi tələb etməlidir: “Azərbaycan XİN keçirdiyi brifinqdə baş verən hadisələrə rəsmi Bakının reaksiyasını çatdırdı. Diplomatlarımız səlahiyyətləri çərçivəsində çalışırlar. Dünyada ikili standartların tətbiq edildiyi, Azərbaycanın öz ərazi bütövlüyünü tələb etdiyinə görə haqsızlıqlarla qarşılaşdığı bir şəraitdə soydaşlarımızın dinc aksiya keçirdiyi üçün məruz qaldığı terrorun da səbəbi aydındır. Bakının iradəsini sındırmaq, Qarabağ məsələsində onu milli maraqlara zidd qərara məcbur etmək. Unudulmamalıdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız məhz Ermənistanın Azərbaycana Tovuz istiqamətində bu yaxınlarda etdiyi basqından sonra ölkəmizə, bayrağımıza, Ali Baş komandanımıza və ordumuza dəstək vermək üçün ayağa qalxmışdı. Baş verən vəhşiliklər məhz bu barışmazlıqla, güzəştə getməyəcəyimizlə, milli birliyimizlə bağlıdır. Brüseldə basqın Belçikadakı səfirliyimizə, deməli beynəlxalq qanunlara görə Azərbaycanın ərazisi sayılan bir ünvana, birbaşa ölkəmizə edilib. Bu müstəqil dövlətin ərazi bütövlüyünə qəsd sayılmalıdır. Yeri gəlmişkən, REAL TV-nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızı da səfirliyə hücum nəticəsində ağır yaralanıb. Amma biz nəyin şahidi oluruq? Başqa bir ölkəylə baş verdiyi təqdirdə yaxasını yırtan, boğazını cıran beynəlxalq qurumlar Azərbaycanın məruz qaldığı bu terror həmləsinə susur. Bu gün təzyiq və vəhşi hücumlara məruz qalan soydaşlarımız mütəşəkkil şəkildə birləşməli, canilərin, cinayətkarların cəzalandırılmasına yerli qanunlara istinadla, məqsədyönlü və inadlı şəkildə nail olmalıdır. Bu Azərbaycan dövlətinə də böyük kömək olardı. Təəssüf ki, baş vermiş hadisə sosial şəbəkələrdə qərəzli təqdim edilir. Yaranmış vəziyyət erməni terroruna qarşı deyil, Azərbaycana, onun ayrı-ayrı məmurlarına qarşı yönəldilir. Bu, yolverilməzdir! Azərbaycanın Xarici İşlər nazirliyi hadisə baş verən ölkələrimizdəki səfirliklimizə fiziki təzyiqlərə məruz qalmış, ağır xəsarətlər almış soydaşlarımızın qayğı və problemləri ilə maraqlanmaq tapşırığı verildiyini, onların Prezident İlham Əliyevin göstərişi ilə uyğun yardımlarla təmin edildiyini bildirir. Amma sosial şəbəkələrdə XİN, Diasporlarla İş üzrə Dövlət Komitəsi linçə yönəldilir. Onlar təhqirə, təhdidə ünvan göstərilməkdədirlər. Yersiz, əsassız olaraq açıq şəkildə qəzəbin ünvanı erməni terroruna yox, son vaxtların pis trendinə uyğun olaraq, məkrli şəkildə Azərbaycan hakimiyyətinə istiqamətləndirilir. Xaricdə yaşayan azərbaycanlılarımızın sayı ermənilərdən az deyil. Onlar da ermənilər kimi eyni qanunların işlədiyi dövlətlərin ərazilərində yaşayırlar, bütün hərəkətlərini də mövcud mühitə uyğun qururlar. Deməli bizim soydaşlarımız da eynilə ermənilər kimi əlbir ola bilərlər. Sosial şəbəkələrdə məhz bu ovqat, bu əhval-ruhiyyə təlqin edilməlidir. Azərbaycanlılar az olmamalı, bir olmalı, birgə olmalı, klaviatura arxasından çıxmalı, bir-birinin yanında olmalıdır. Biz birlikdə güclüyük”.


