Bakıda koronavirusdan da dəhşətli virus ocağı: Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)

SOSİAL 04 iyl 2020, 12:50

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış dərin gigiyenik problemlərlə üz-üzədir. 


Demokrat.az xəbər verir ki, hazırda həmin ərazidə "Məmmədoğulları" ASC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçir. 


Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilsə də, təəssüflər olsun ki, indiyədək heç bir tədbir görülməyib. 

 

Ərazidə çəkiliş apardığımız zaman sakinlərlə söhbət etdik. Sakinlər deyir ki, yaşayış zonasında xeyli sayda azyaşlı uşaqlar gəzir, kanalın yaratdığı üfunət və antisanitariya vəziyyəti onların başqa yerdə oynamasına alternativ tanımayır. 


Sakinlər isti yay günlərində ərazidə xeyli sayda zəhərli ilanların hərəkət etdiyinə şahid olduqlarını deyirlər. 


Biləcəriyə gedən əsas yolun kənarından sakinlərin yaşadığı əraziyə daxil olarkən ətrafda mal-qara saxlayanların nəcis tullantılarının yolun düz kənarında toplanması ətrafda dəhşətli dərəcədə üfunət qoxusunun yayılmasına səbəb olur. 


İsti vaxtlarda isə bu qoxu Bakı şəhərində daha kəskin şəkildə ətraf ərazilərə yayılır. 


Belə bir acınacaqlı vəziyyət sakinlərin sağlamlığı üçün gələcəkdə daha ciddi fəsadlara yol aça bilər ki, bu da müxtəlif infeksion xəstəliklərin yayılmasına səbəb olar. Ona görə də kanalın birdəfəlik ləğv olunması sakinlərin əsas tələblərindən biridir. 


Hazırda ərazidə kanalizasiya və çirkab sularının axıdıldığı bu kanal insan sağlamlığına ciddi təhlükələr və yaşayış baxımından olduqca ekoloji fəlakət yaradır. 


Sakinlər yaranmış acınacaqlı vəziyyətin tezliklə aradan qaldırılması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər:


"Çox hörmətli cənab Prezident və Mehriban xanım Əliyeva,

 

Biz sakinlər hər zaman sizi dəstəkləmişik və bu dəyişilməz olaraq qalacaq. Binəqədi sakinləri olaraq sizin rəhbərliyiniz altında ölkəmizdə görülən abadlıq və quruculuq işlərindən razıyıq, daim sizi dəstəkləyəcəyik. Sizə müraciət edərək bildiririk ki, koronavirusla əlaqədar ölkəmizdə görülən karantin tədbirləri dövründə bir sıra məmurlar və şəxslər sizin yürütdüyünüz siyasətə xələl gətirməyə çalışırlar. Bu gün yüzlərlə sakinin yaşadığı bu əraziyə "Məmmədoğulları" ASC-nin servis yerlərindən kəskin üfunət qoxuyan kanalizasiya və çirkab suları axıdılır. Nəticədə biz və azyaşlı uşaqlarımızın sağlamlığına yeni təhlükə mənbəyi yaradır. Özü də bu təhlükə Bakının mərkəzinə yaxın ərazisində yaranıb. 


Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, 


Sizdən yeganə xahişimiz odur ki, üzləşdiyimiz bu acınacaqlı vəziyyətdən tezliklə xilas olmağımız üçün öz köməkliyinizi göstərəsiniz. Ümidimiz ancaq Sizlərədir!".


Ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik:

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top