Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı görülən tədbirlərə həsr olunmuş növbəti onlayn müşavirə keçirib.
İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumata görə, müşavirədə RİH başçısının Xırdalan şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədirləri iştirak edib. İcra başçısı koronavirus infeksiyasının qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını, idarə, müəssisə və təşkilatlarda gündəlik iş prosesi zamanı işçilərin say həddinin gözlənilməsini və zəruri mühafizə vasitələrindən istifadə edilməsini tələb edib.
Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, o cümlədən yas mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırmışdır.
Xanım başçı çıxışında vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq bütün qüvvələrə çağırış etmiş, yuxarıda sadalanan tövsiyələri anlayışla qəbul edib icra etməyi xahiş etmiş, eyni zamanda yaşı 65-dən yuxarı olan insanlara, eləcə də tənha, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərə, həssas qruplardan olan ailələrə köməkliklərin bundan sonra da davam etdirilməsinin, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasının, bu işdə hər hansı bir laqeydliyin, neqativ halın yolverilməz olmasının daim günün tələbi olduğunu söyləmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsində danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edilib.


