Pandemiya Azərbaycan iqtisadiyyatına necə təsir edib? — EKSPERT RƏYİ

İQTİSADİYYAT 25 iyn 2020, 21:45

Koronavirus (COVID-19) pandemiyasının yayılması bir çox ölkələr kimi Azərbaycanda da iqtisadiyyata ciddi təsir edib. Ölkədəki bir sıra fəaliyyət sahələri qismən və yaxud tamamilə məhdudlaşdırılıb, xarici səfərlər dayandırılıb və xarici ticarət əlaqələri zəifləyib.


Demokrat.az-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov “Report”a açıqlama verərək pandemiyanın bu il Azərbaycan üçün yaratdığı iqtisadi nəticələr, ilin qalan dövründə bizi gözləyən tendensiyalar, yaranmış ümumi geriləmənin nə vaxt aradan qalxa biləcəyi barədə fikirlərini bölüşüb:


“Koronavirus Çində ötən ilin sonlarına yaxın baş qaldırsa da, heç bir beynəlxalq maliyyə qurumu bu il dünya iqtisadiyyatında ciddi tənəzzül baş verəcəyini proqnozlaşdırmırdı. İndiki vəziyyət heç bir qurumun, mütəxəssisin ağlına gəlmirdi. Bu baxımdan 2020-ci il üçün verilmiş bütün proqnozlar iflasa uğradı. O cümlədən Azərbaycanda.


Ölkəmizdə 2015-2016-cı illərdə dünya bazarındakı neftin ucuzlaşması ilə yaranmış dərin böhrandan sonra 2017-ci ildən bəri makroiqtisadi sabitləşmə və dirçəlmə müşahidə edilirdi. Bu, 2018-ci ildə davam etdi. 2019-cu il isə Azərbaycan iqtisadiyyatı üçün böyük islahatlar ili kimi yadda qaldı. Vergi Məcəlləsinə böyük dəyişikliklər edildi, sosial sahədə böyük islahatlar aparıldı, paket şəklində böyük addımlar atıldı, dövlət büdcəsinə gömrük və vergi oqranlarının xətti ilə bir milyarddan artıq əlavə vəsait yığıldı.


Bu tendensiyanın 2020-ci ildə də davam edəcəyi nəzərdə tutulurdu və buna inam kifayət qədər yüksək idi. Hətta yanvar-fevral aylarının iqtisadi göstəriciləri illik müqayisədə olduqca qənaətbəxş idi. Lakin pandemiya ilə əlaqədar tətbiq edilmiş bir sıra məhdudiyyətlər ölkə iqtisadiyyatına zərbə vurdu. Nəticədə iqtisadi göstəricilərdə, xüsusən də ümumi daxili məhsul (ÜDM) istehsalında azalma başladı. 5 ayın yekunlarına görə, iqtisadiyyatımız 1,7% kiçilib. Bu ayın yekununda bu rəqəm bir az da arta bilər. Bu, o deməkdir ki, biz 2017-2019-cu illərdə əldə etdiyimiz nailiyyətləri tədricən itirmək təhlükəsi ilə üzbəüz qalmışıq.


Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumlarının dünya iqtisadiyyatı ilə bağlı bu il üçün son olaraq verdiyi proqnozlar da olduqca bədbin xarakter daşıyır. Məsələn, Dünya Bankının başda ABŞ olmaqla ayrı-ayrı ölkələrlə əlaqədar ÜDM istehsalı üzrə irəli sürdüyü proqnozlar olduqca bədbindir. Bir çox ölkələrdə ÜDM-in 5-9%-ə qədər azalacağı haqqında Dünya Bankının proqnozları var. Belə olduqda təbii olaraq Azərbaycan iqtisadiyyatında da heç bir nikbin tendensiyadan söhbət gedə bilməz. Bu tənəzzül bizdə də özünü göstərəcək. Bu il üçün hökumətin ÜDM istehsalı ilə bağlı proqnozu 2,4% səviyyəsində idi. Amma birinci rübün göstəricilərinə əsasən, biz artıq 1,7% tənəzzül yaşamışıq. Bu, o deməkdir ki, hökumətin 2,4%-lik proqnozu özünü doğrultmayacaq. Bu il, yəqin ki, yenə ÜDM istehsalında mənfi göstərici ilə üz-üzə qalacağıq.


Hələ ki, ilin birinci yarısının sonudur. Qarşıda bizi ilin ikinci yarısı gözləyir. Pandemiya isə hələ ki, davam edir. Yenidən məhdudlaşdırıcı karantin tədbirləri tətbiq olunur ki, bu da iqtisadi fəallığın bərpa olunmasına maneə törədir. Bu vəziyyətin ilin ikinci yarısında da davam edəcəyi təqdirdə bu il üçün daha yüksək tənəzzülün qeydə alınacağı ehtimalı mövcuddur. Hər şey dünya iqtisadiyyatında bərpa prosesinin nə vaxt başlayacağından və ölkələrarası iqtisadi münasibətlərin, qarşılıqı ticarət əlaqələrinin, turizmin və digər mühüm iqtisadi sektorların nə vaxt bərpa olacağından asılıdır. Yalnız bundan sonra biz nikbin proqnozlar barədə rəylər söyləyə, Azərbaycan iqtisadiyyatında xarici təsirlərin aradan qalxmasından danışa və makroiqtisadi göstəricilərimizdə sabitliyin yarandığından danışa bilərik. İndidən bu barədə hansısa fikir demək mümkün deyil. Bizdə xarici iqtisadi şokların aradan qalxması üçün tələb olunan odur ki, neftin qiyməti 50 ABŞ dollarından yuxarı qalxsın və ölkədəki bütün iqtisadi fəaliyyət sahələri pandemiyaya qədər olan vəziyyətə dönsün. Bunlara nə vaxt nail olacağımızı ilin sonuna yaxın demək mümkün olacaq. Başlıca şərt pandemiya şəraitinin tamamilə aradan qalxmasıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top