Koronavirus pandemiyası yayılan gündən etibarən bir çox alimlər bununla mübarizə yolu axtarmağa çalışırlar. Araşdırmalara görə koronavirusun yayılma tempini iki yolla azaltmaq olar. İlk yol virusa qarşı vaksinin tapılması, ikinci üsul isə kollektiv immunitetin yaranmasıdır.
Kollektiv immunitet necə yaranır və o həqiqətən məlum pandemiyanın qarşısını ala bilərmi?
Məsələ ilə bağlı tibb üzrə ekspert Adil Qeybulla ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, kollektiv immunitet əhalinin ən az 70%-nin yoluxması hesabına yaranır:
“Bu immunitet yarananda demək olar ki, virusun yaşam üçün yeri qalmır. Necə ki, qripdə və başqa infeksiyalarda kollektiv immunitet yaranıb, bunda da elə... Əgər yoluxma sayı kütləvi olarsa, bu immunitet yarana bilər. Yəni bir-iki adamın yoluxması ilə yaranan deyil, kollektiv olaraq yoluxma olmalıdır. Məsələn, Çində kollektiv immunitetin yaranmasına icazə vermədilər və karantin tədbirləri ilə bunu lokallaşdıra bildilər. Ona görə də yoluxmalar yenidən başlayıb. Hal-hazırda Abşeron yarımadasında əhalinin böyük əksəriyyəti virusa yoluxub, xəstəxanalarda yer yoxdur, insanlar evdə qalıb. Zənglərin çoxu koronavirusla bağlı olur”.
Qeyd edək ki, İsveçrə və Belarusiya koronavirusla mübarizədə bu üsulu seçiblər.


