Hadisə

Azərbaycanda bu "reket KİV-lər" məmurları və iş adamlarını şantaj edib — ŞOK FAKTLAR

Azərbaycanda bu reket KİV-lər məmurları və iş adamlarını şantaj edib — ŞOK FAKTLAR

Azərbaycanda rüşvət almaqda ittiham olunan Neftçala rayon sakini, 1985-ci il təvəllüdlü Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhruz Əliyev vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə, hədə-qorxu tətbiq edib maddi neməti-pulu təkrarən rüşvət kimi istəyib və alıb.

Belə ki, Bəhruz Əliyev “nia.az”, “ismaric.az” və “nia24.info” xəbər saytlarının faktiki olaraq rəhbəri və idarə edən olub. O, 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda “Məmmədoğulları” MMC-nin təsisçisi və faktiki rəhbəri Mirzəyev Ramazan Məmməd oğlunun şəxsi həyatına aid olan, konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələrə əsaslanan, yayılmasının sonuncunun işgüzar nüfuzuna zərər vura bilən məlumatları dərc edib.

Qeyd olunan məlumatların rəhbəri olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün Ramazan Mirzəyevin tanışı Əliyev Əsəd Yaqub oğlu vasitəsilə 2017-ci ilin dekabr ayında 2700 manatı qanunsuz hərəkətə görə rüşvət kimi istəyib.

Lakin məqsədinə nail olmadığına görə qeyd edilən məlumatları həmin saytlarda saxladığına görə Ramazan Mirzəyevin yaxını Ağayev Rəşadət Mirdilavər oğlunun məlumatların Bəhruz Əliyevə məxsus xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün ona müraciət edib.

Rəşadət Ağayevn müraciəti əsasında Bəhruz Əliyev 13 fevral 2018-ci il tarixdə “Məmmədoğulları” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 10 ünvanında yerləşən ofisində görüşüb.

O, Rəşadət Ağayevdən 4000 manat pulu hədə-qorxu gələrək yenidən rüşvət kimi istəyib. Həmin məbləğdə pulu Rəşadət Ağayevdən şəxsən rüşvət kimi alıb.

Bundan başqa Bəhruz Əliyev təkrarən 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də onun Kompleks Qazma İşləri Trestinin fəaliyyəti, rəhbərliyi, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin qazma departamentinin rəis müavini Məmmədov İsa Rafael oğlu haqqında konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələrə əsaslanan- işçilərin həmin şirkətdə qohumluq əlaqələrinə əsaslanaraq işə qəbul edilməsi, şirkətin rəhbər vəzifəli şəxsləri tərəfindən ölkə hüdudlarından kənarda daşınmaz əmlakların əldə edilməsi və sair məlumatları dərc edib.

O, 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov metro stansiyasının yaxınlığında İsa Məmmədovla görüşərkən qeyd edilən məlumatların rəhbəri olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc edilməməsi üçün sonuncudan ona pul verilməsini tələb edib, əks halda İsa Məmmədovun barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlib.

İsa Məmmədovdan hər ay ona 100-200 manat pul verməsini istəyib. İsa Məmmədovun həmin məqsədlə 6 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yerləşən “Qala” kafesinin kassiri işləyən, cinayətdən xəbərsiz olan Abbasov Şahin Cəfər oğluna verdiyi 100 manat pulu həmin gün sonuncudan götürməklə, bundan sonra 2018-ci ilin mart ayında Neftçala şəhərində adı və ünvanı istintaqa məlum olmayan çay evində İsa Məmmədovdan şəxsən 100 manat, 2018-ci ilin aprel ayında Neftçala şəhəri, “Qoltuq” yaşayış məhəlləsinin giriş hissəsində sonuncudan şəxsən 100 manat olmaqla, ümumilikdə 300 manat pulu rüşvət kimi alıb.

İstintaq orqanı tərəfindən Bəhruz Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəhruz Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Bəhruz Əliyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə icraata götürülüb və tərəflərə məhkəmənin vaxtı barədə məlumat verilib.

Pentensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Bəhruz Əliyev Ali Məhkəmənin Cinayət Kollegiyasına ərizə göndərib. O, ərizəsində şikayətinin geri götürdüyünün, işinə baxılmamasını istəyib.

Hakim heyəti onun ərizəsini təmin edib və iş baxışdan çıxarılaraq geri qaytarılıb.

Ali Məhkəmədən Demokrat.az-a verilən məlumata görə, Bəhruz Əliyev şikayətinə əlavələr edəcəyi ilə bağlı şikayətini geri götürüb.

Məhkəmədən qeyd edilib ki, Bəhruz Əliyevin şikayəti yenidən Ali Məhkəmənin Cinayət Kollegiyasına daxil olub.

Onun kasasiya şikayəti araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib.

Yaxın günlərdə yenidən məhkəmə başlanacaq.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az