"Ötən gün başlayan Azərbaycan Ordusunun hərbi təlimlərində əsas diqqəti çəkən məqam odur ki, Ordumuz bu dəfə də təlimlərə hücum təyinatlı silah və texnikaları cəlb edib. Əlbəttə ki, bu tam anlaşılandır və qəbul olunandır. Çünki Azərbaycan ərazilərinin 20 faizdən artıq hissəsi işğal altındadır".
Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu bu təlimlərdə hücum xarakterli bacarıqlarını təkmilləşdirərək hərbi əməliyyatlar başlayan zaman öz ərazilərini işğaldan azad etməyi qarşısına məqsəd qoyur: "Bu məsələnin bir tərəfidir. Digər tərəfində isə biz hərb tarixinə nəzər yetirsək görərik ki, dünyada hərbi əməliyyatların başlamasının əksəriyyəti yaz və yay aylarına təsadüf edir. Azərbaycan Ordusunun bu fəsildə genişmiqyaslı təlimlər keçirməsi də bacarığını bir daha inkişaf etdirməkdir. Etiraf edək ki, biz itirdiyimiz ərazilərin böyük hissəsini məhz yaz, yay aylarında həyata keçirilən əməliyyatlar zaman itirmişik. Bu baxımdan Azərbaycan Ordusunun bu fəsillərdə öz döyüş bacarığını daha da təkmilləşdirməsinə ehtiyac var. Azərbaycan Ordusunun təlimlərə əsasən hücum xarakterli silah və texnikaları cəlb etməsidir. Bu da dövlətin yaranmış vəziyyətə bir baxışıdır.
Ordumuzun son 10 il ərzində əldə etdiyi hərbi texnikaların da böyük hissəsi hücum təyinatlıdır. Hərbi təlimlərə 10 minə yaxın şəxsi heyətin cəlb olunması da kifayət qədər iri rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan Ordusu ilə təmas xəttində üzbəüz dayanan erməni ordusunun istiqamətləri üzrə bu qədər şəxsi heyəti olan hərbi birləşmə qarşısında duruş gətirməsi mümkün deyil. Bizimlə üz-üzə dayanan erməni hərbi birləşmələrinin istiqamət üzrə hərbi hissələri alay səviyyəsindədir və onların sayı o qədər də çox deyil. Həmin alay səviyyəsində də Ermənistan ordusunun bizim hərbi birləşmələr qarşısında duruş gətirməsi haqqında fikirlər söyləmək qeyri-absurddur. Onların ehtiyat qüvvələri belə Azərbaycan Ordusunun hücumunun qarşısını almaq imkanları o qədər də geniş deyil".(sia.az)


