Hadisə

İranlılar narkotik vasitələri Azərbaycan gömrüyündən necə keçiriblər? — ŞOK FAKTLAR

İranlılar narkotik vasitələri Azərbaycan gömrüyündən necə keçiriblər? — ŞOK FAKTLAR

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1970-ci il təvəllüdlü İdris Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İdris Hüseynov qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilib və qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girib.

Aralarında olan razılaşmaya əsasən şəxsiyyətləri məlum olmayan şəxslər 12010,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiyəki və 2370,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və naməlum şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiriblər.

Həmin şəxslər narkotik vasitəni Cəlilabad rayonunun Cəfərxanlı kəndinin inzibati ərazisində torpaq yol istiqamətində su kollektorundan sonra üçüncü dirəyin yanında gizlədiblər.

Sövdələşməyə görə, İdris Hüseynov aralarında olan razılaşmaya əsasən 21 may 2019-cu ildə, saat 22 radələrində idarə etdiyi “VAZ 21074” markalı avtomobili ilə həmin yerə gedərək orada gizlədilmiş narkotik vasitəni götürüb. O, narkotik vasitəni avtomobildə daşıyarkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisindən keçən Ələt-Astara-İran sərhəd magistral yolunun 116-cı kilometrliyində yerləşən çıxışında saxlanılıb.

İstintaq orqanı tərəfindən İdris Hüseynovun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (iştirakçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdris Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İdris Hüseynov apelyasiya şikayəti verib. O, elan olunmuş maddələr üzrə özünü təqsirli bilməyib.

İdris Hüseynov qeyd edib ki, istintaq zamanı bütün sənədlərə təzyiq altında qol çəkib: “Müstəntiq istintaqı özü bildiyi kimi aparıb. Məhkəmə də 20 gün ərzində işə baxaraq barəmdə 13 il müddətə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mənə verilmiş ittihamla razı deyiləm”.

İşinə düzgün baxılmasını xahiş edən İdris Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

İdris Hüseynovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, İdris Hüseynovun şikayəti təmin olunmayıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az