Arvadını vəhşicəsinə döydü, sonra kürəyindən bıçaqladı — Anlaqsız kişinin dəhşətli əməli

KRİMİNAL 23 apr 2020, 14:28

Qusar rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1977-ci il təvəllüdlü Zahir Abdurzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zahir Abdurzayev 27 avqust 2016-cı il tarixdə, saat 20 radələrində Qusar rayonu Quxur-oba kəndində anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Nübar Şəkixanovanın ona aid torpaq sahəsinin satılmasını təkid edib.


Bu səbəbdən onların aralarında mübahisə baş verib. Kişi arvadını öldürmək qərarına gəlib. Bu məqsədlə 2010-cu il təvəllüdlü qızı Riana Abdurzayevanın gözü qarşısında Nübar Şəkixanovaya əvvəl başından və bədəninə yumruq-təpik zərbələri vurub.


Nübar Şəkixanova onun zərbələrinin təsirindən yerə yıxılıb. Sonra o, mətbəxdən götürdüyü bıçaqla arvadına xəsarət yetirib. Həmin vaxt hadisə yerinə gələn qardaşı Mahir Abdurzayev onun əlindən bıçağı alıb. Nübar Şəkixanova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.


İstintaq orqanı tərəfindən Zahir Abdurzayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahir Abdurzayev özünü elan olunmuş ittihamla qismən təqsirli bilib. O, qeyd edib ki, Nübar Şəkixanova onun həyat yoldaşıdır, 2015-ci ilin yay aylarında onlar boşanmaq istəyib, həmin vaxtdan qeyri-rəsmi ayrılara hər biri öz valideynlərinin yanında yaşayıblar: “2016-cı ilin mart ayında valideynlərimin təkidindən sonra biz barışdıq və yenidən Qusar şəhərindəki evimizə lərinə köçərək birlikdə orada yaşamağa başladıq. Həmin ilin iyun ayında məktəblərdə növbəti dərs ili qurtardığından öz ailəm ilə birlikdə yenidən Quxur-oba kəndinə qayıtdıq. Evdə təmir getdiyindən oğlum ilə öz valideynlərimin, Nübar isə qızı ilə birlikdə atasıgildə qaldı. Bu dövrdə Nübar hərdən bir bizim qaldığımız ata evinə də gəlib”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 27-də, səhər Nübar Şəkixanova sahədən yığılmış pomidordan tomat hazırlamaq məqsədi ilə onlara gəlib: “Axşama kimi həmin evdə müxtəlif ev işləri gördü. Həmin gün saat 20 radələrində həyat yoldaşım ilə birlikdə evdə olarkən Nübar adıma olan torpaq sahəsinin satılmasını tələb etdi. Buna görə aramızda mübahisə yarandı və mübahisə zamanı bərk əsəbiləşdiyimdən əvvəlcə Nübar Şəkixanovanı yumruqla bir dəfə sifət nahiyyəsindən vurdum. Nübar yerə yıxıldığdan sonra isə onu yumruq və təpiklərlə döyməyə başladım. Daha sonra isə stolun üzərindən götürdüyüm mətbəx bıçağı ilə Nübarın kürək və bel nahiyyəsindən vuraraq ona xəsarət yetirdim.  Nübarla həmin gün evin mətbəxində mübahisə edərək, onu döyərkən evdə özümüzdən başqa heç kim olmayıb”.


Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nübar Şəkixanova bildirib ki, 2006-cı ildə öz həmkəndlisi və uzaq qohumu olan Zahir Abdurzayev ilə evlənərək ailə həyatı qurub və onların birgə nigahlarından 2 övladları anadan olub: “Evləndikdən sonra biz 8 il Zahirin rayonun Quxur-oba kəndində yerləşən ata evində, mənim valideynlərim və digər ailə üzvlərim ilə birlikdə yaşamışıq. Yaşadığımız həmin dövrdə Zahirlə münasibətlərim həmişə yaxşı olub. 2014-cü ildə ailəvi Qusar şəhəri Yeni Yaşayış Massivində təzə ev inşa etdirdikləri evə köçərək orada yaşamağa başladıq. Yeni evimizə köçdükdən sonra Zahirlə aramızda tez-tez müxtəlif səbəblərdən mübahisələr yarandı. Bu mübahisələrə və narazılıqlara görə bir yerdə yaşamağımız mümkün olmadığından 2015-ci ilin yay aylarında Zahirdən boşanmaq istəməm barədə məhkəmədə iddia qaldırdım. Həmin vaxtdan da qeyri-rəsmi ayrılaraq hər birimiz öz valideynlərimizin yanında yaşamışıq”.


Nübar Şəkixanovanın sözlərinə görə, 2016-cı ilin mart ayında valideynlərinin təkidindən sonra onlar barışıb və yenidən Qusar şəhərindəki evlərinə köçərək birlikdə orada yaşamağa başlayıblar: “Həmin ilin iyun ayında məktəblərdə növbəti dərs ili qurtardığından öz övladlarımız ilə birlikdə yenidən Quxur-oba kəndinə qayıtdıq. Zahirin ata evində təmir getdiyindən Zahir oğlu – Rəvanla öz valideynlərinin,mən isə qızım Rianna ilə birlikdə atamgildə qaldım. Bu dövrdə hərdən bir qızım ilə birlikdə Zahirin ata evinə də gəlib-getmişəm. 26 avqust 2016-cı il tarixdə Zahir mənə zəng vurdu, sahədən yığdıqları pomidordan tomat hazırlamağa kömək etməsi məqsədi ilə ata evinə çağırdı. Mən də avqustun 27-də, səhər qızım ilə birlikdə Zahidin ata evinə gəldim. Axşama kimi həmin evdə müxtəlif ev işləri gördüm, evdə qaynım Mahir də yuxarı mərtəbədə suvaq işləri gördüm. Axşam vaxtı evdə yemək bişirməyə başlayanda Mahir də gəldi, çay içib heyvanları gətirmək üçün küçəyə getdi. Həmin vaxt Zahir də sahədən digərlərindən tez evə gəldi, qızım Riannaya və Mahirin qızı Madinaya pul verdi, onları mağazaya göndərdi. Təxminən saat 19-20 radələrində Zahir mətbəxə gəldi və heç nə demədən yumruqla burun nahiyyəmə vurdu. Yerə yıxıldıqda yenə yumruq və təpiklə məni vurmağa davam etdi. Sonra kartof doğradığım bıçağı götürərək kürək nahiyyəmə iki dəfə bıçaqla vurdu. Həmin vaxt mətbəxdə olan qızım Rianna Zahirin məni vurduğunu gördü, ağlamağa başladı. Bu vaxt Zahir Riananı təpiklə vuraraq qışqırmamağı dedi. Buna görə də Riana ağlayaraq çölə qaçdı. Elə həmin vaxt qaynım Mahir də qızım Riananın ağlama səsini eşidərək mətəbəxə gəldi. Zahiri məni öldürməyə qoymadı, əlindən bıçağı aldı. Sonra Zahiri çölə çıxardı. Mahir təzədən mətbəxə gəldikdə Zahirdən qorxduğum üçün yanımda qalmasını xahiş etdim. Sonra isə hava az qaranlıq olanda qaynanam və gəlinləri Kəmalə də evə gəldi. Məni bu halda görərək əynindəki paltarları dəyişdi, sonra isə qaynanam Raifat Mahirin telefonu ilə atam Rəmixana zəng vurdu, hadisə barədə məlumat verdi. Az sonra atam maşınla gələrək məni xəstəxanaya apardı”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahir Abdurzayevin barəsində ittihamedici hökm çıxarılmayıb.


Məhkəmə belə nəticəyə gəlib ki, Zahir Abdurzayev cinayəti törədən anda anlaqsız vəziyyətdə olub. Bu səbəbdən cinayət məsuliyyətindən azad edilib.


Məhkəmə onun barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edib, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.


Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş Nübar Şəkixanova apelyasiya şikayəti verib. O, qərarın dəyişdirilməsini, Zahir Abdurzayevin barəsində daha ciddi rejimli şəraitdə məcburi müalicə təyin edilməsini xahiş edib.


Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Bir müddət əvvəl şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Həmin vaxt işə baxan hakim heyəti zərərçəkmişin apelyasiya şikayətini təmin etməyib.


Zərərçəkmiş bundan sonra Ali Məhkəməyə müraciət edib. Zərərçəkmiş kasasiya şikayətində təqsirləndirilən şəxsin barəsində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini xahiş edib.


Ali Məhkəmədə kasasiya şikayətini araşdıran hakim heyəti sonda zərərçəkmişin şikayətini təmin edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.


Cinayət işi yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə şikayət hakim Məhəmmədəli Rzayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.


Zərərçəkmişin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, hakim heyəti sonda qərar verib.


Qərara görə, zərərçəkmişin apelyasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top