Ağcabədi rayonunda xuliqanlıq cinayəti törətməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Niyaməddin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Niyaməddin Hüseynov etibarnamə və sürücülük vəsiqəsi olmadan sərxoş halda idarə etdiyi VAZ-21011 markalı avtomobili ilə Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində Qar-Qar çayının yaxınlığında yerləşən “Nağıoğlu” MMC-yə məxsus daş karxanasına gəlib.
O, heç bir səbəb olmadan orada işləyən işçilərin ünvanına uca səslə nalayiq ifadələr işlədib, həmin vaxt silah qismində istifadə etdiyi yerdən götürdüyü daşla karxanada sürücü işləyən Rövşən Hacıyevin idarə etdiyi Maz markalı avtomaşının ön alın şüşəsini sıbdırıb. O, həmin avtomobilin sahibi olan, Rövşən Hacıyevin qardaşı Nizami Hacıyevə 80 manat maddi ziyan vurub.
Bununla kifayətlənməyən Niyaməddin Hüseynov yerdən götürdüyü daşlar ilə “Nağıoğlu” MMC şirkətinə məxsus olan Hyundai markalı yükləyici traktorun yan şüşələrini sındırıbş. O, bu hərəkətləri ilə “Nağıoğlu” MMC şirkətinə 180 manat maddi ziyan vurub.
İstintaq orqanı tərəfindən Niyaməddin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Niyaməddi Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən marazı qalan Niyaməddin Hüseynov apelyasiya şikayəti verib. O, qeyd edib ki, hadisə zamanlı sərxoş olub, bu səbəbdən baş verənləri xatırlamayıb.
Niyaməddin Hüseynov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, apelyasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Niyaməddin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və onun cəzası şərti hesab edilib.
Niyaməddin Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, azadlığa buraxılıb.
Fariz Məlikli Demokrat.az


