“Çanaqqala qəhrəmanlıq dastanları yazdığımız Türk tarixinin şanlı qələbələrindən biridir. Azərbaycanlı atalarımızın da qələbədə rolu olub. Orada ölən çox sayda azərbaycanlı var idi. Nəriman Nərimanovun və Müstəqillik Müharibəsində azərbaycanlı qardaşlarımızın köməyini heç vaxt unutmuruq. Necə ki, Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı və köməyi unudulmamalıdır”.
Demokrat.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.
O bildirib ki, mən Çanaqqala şəhid nəvəsiyəm, anamın babası Çanaqqalada şəhid olub:
“Atamın əmilərinin hansı cəbhədə şəhid olduğunu belə bilmirik. Cəbhəyə gedib, lakin geri qayıtmayıb, atamın babası müxtəlif cəbhələrdə vuruşub. Səhhətindəki problemlərə görə evə gəlib və 1916-cı ildə dünyasını dəyişib. O dövrdə ölkəmizdə şəhid verməyən bir ailə yoxdur. Biz müstəqillik, istiqlaliyyət və azadlıq üçün gözümüzü qırpmadan ölən insanlarıq. Bunun üçün dünya tarixinə nümunə olan qələbələr qazanırıq. Çanaqqala zəfərimiz çox ağır itkilər verdiyimiz, kədərin və xoşbəxtliyin birlikdə yaşandığı, ağır itkilərlə yanaşı düşmənə də ağır itkilər verdirən və onları məğlubiyyətə düçar edən bir qələbədir. Bu cəhətdən kədərin yanında böyük bir xoşbəxtlikdir Çanaqqala Zəfəri. Eynilə 20 Yanvarda olduğu kimi, 15 İyuldakı FETÖ-nün çevriliş cəhdinə qarşı qazanılan uğur kimi”.
Diplomat vurğulayıb ki, Çanaqqalada müstəqillik uğrunda can verilib, 20 Yanvarda, 15 iyulda olduğu kimi:
“İşğalçılara keçid verilməyib. Azərbaycan Dövlət Himnində də deyildiyi kimi... Minlərlə can qurban oldu. Türkiyə torpaqlarının sinəsi hərbə meydan oldu! Və yenə Türkiyənin Namusunu hifz etməyə və bayrağını yüksəltməyə cümlə gənclərin müştaq olduğu görüldü. Himndə də deyildiyi kimi qadınlar, kişilər, gənclər və hətta uşaqlar da o dövrdə vətən müdafiəsinə qoşuldular. 13-14-15 yaşlarında uşaqlar cəbhəyə yollandılar. Türkiyə torpaqları gülüstan olsun deyə ona hər an can verməyə hazır idilər. Çanaqqala və İstiqlal Döyüşlərində iştirak edən bir çox uşaq vətən müdafiəsində qəhrəmanlıq nümunələri göstərdilər. Belə ki, bütün şagirdləri şəhid olan Qalatasaray, Konya və İzmir liseyləri 1915-ci ildə bir məzun belə verə bilməyiblər. 1915-ci ildə Darül Fünun 2 min 500 birinci kurs tibb fakultəsi tələbələri məktəblərini tərk edərək Çanaqqalaya yollanıb. Çanaqqalaya iki hissə halında gələn gənclər bir Anzak basqınından sonra şəhid olublar. Buna görə Darul Fünun 1921-ci ildə məzun verə bilməyib”.
Sonda isə H.Altınalan qeyd edib ki, bu qələbədə 57-ci alayın və şəhidlərinin də əhəmiyyəti böyükdür:
“57-ci Alayın əsgərləri polkovnik Mustafa Kamalın "Sənə hücum etməyi deyil, ölməyi əmr edirəm" sözləri ilə bir an belə düşünmədən həyatlarını qurban edərək düşmənin üzərinə gediblər. 57-ci alayın qəhrəmanlığı və uğuru bizim qürurumuzdur. Tarixə adını qızıl hərflərlə yazan 19-cu Diviziyanın 57-ci alayı 105 il əvvəl baş vermiş müharibənin gedişatına təsir edən təməl daşlarındandır. 57-ci alay və digər birliklərin birgə hücumu ilə əlaqədar ingilis generalı Hamiltonun “Hamilə dağlar Türk doğmaqda davam edir” sözü də həmin illərdə Türk əsgərlərinin göstərdiyi şücaəti yaddaşlara bir daha həkk edib. Bizim üçün müqəddəs olan vətənimiz uğrunda şəhid olanlara Allaha rəhmət diləyirəm”.


