YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Britaniyada bütün növ bıçaqların satışına lisenziya tətbiq ediləcək

Britaniyada bütün növ bıçaqların satışına lisenziya tətbiq ediləcək

Böyük Britaniyada cinayətlərin, xüsusilə də bıçaqla törədilən hücumların sayını azaltmaq məqsədilə bütün növ bıçaqların satışına lisenziya tətbiq olunması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, kərə yağı üçün nəzərdə tutulan kiçik bıçaqlardan tutmuş mətbəx bıçaqları və maçalara qədər bütün növ kəsici alətləri satan mağazalar, o cümlədən onlayn ticarət platformaları üçillik lisenziya almalı olacaqlar.

Xaricdən bıçaq idxal edən Britaniya şirkətləri üçün isə ayrıca idxal lisenziyası tələb ediləcək. Xarici satıcılar məhsullarını ölkədəki lisenziyalı vasitəçilər üzərindən təqdim etməli olacaqlar. Böyük supermarket şəbəkələri hər mağaza üçün ayrıca icazə almalıdır.

Lisenziya müraciətləri zamanı polis namizədlərin məhkumluğunu və etibarlılığını yoxlayacaq. Bu prosedur odlu silahların satışına icazə verilərkən tətbiq olunan qaydalara bənzəyəcək. Hüquq-mühafizə orqanları mağaza və anbarlarda yoxlamalar da apara biləcək. Tələbləri pozan satıcılar cərimələnəcək, ciddi pozuntular zamanı isə lisenziyaları ləğv ediləcək.

Qərarın qəbuluna ölkədə bıçaqla törədilən cinayətlərin artması səbəb olub. Son on ildə bu cür hüquq pozuntularının sayının 49 faiz yüksəldiyi bildirilir. Müzakirələrə təkan verən hadisələrdən biri 2024-cü ilin iyulunda Sautport şəhərində baş verib. Həmin vaxt 17 yaşlı yeniyetmə rəqs studiyasında üç qızı bıçaqlayaraq öldürüb, daha 10 nəfəri yaralayıb.

Rəsmi məlumatlara görə, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununadək olan dövrdə polis bıçaq və digər iti əşyaların istifadə edildiyi 48,6 mindən çox cinayət qeydə alıb.

Yeni sistem qüvvəyə minərsə, Böyük Britaniya dünyada bütün növ bıçaqların satışını lisenziyalaşdıran ilk ölkə olacaq.