Türkiyəli aktyor Feyyaz Şerifoğlunun həyat yoldaşı, Kanal D telekanalının xəbər aparıcısı Merve Dinçkol Şerifoğlu İstanbulda yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Demokrat.az xəbər verir ki, qəza TEM avtomobil yolunda baş verib. Aparıcının idarə etdiyi minik avtomobili arxadan gələn yük maşınının zərbəsinə məruz qalıb.
Hadisə zamanı avtomobildə Merve Dinçkol Şerifoğlu ilə yanaşı, onun 4 aylıq qızı Defne Yaz, anası və dayəsi də olub.
Güclü toqquşma nəticəsində minik avtomobilinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən nəqliyyat vasitəsində olanların heç biri xəsarət almayıb.
Qəza baş verən vaxt Rizədə olan Feyyaz Şerifoğlu hadisədən xəbər tutan kimi İstanbula qayıdıb.
Qeyd edək ki, Merve Dinçkol və Feyyaz Şerifoğlu ötən il ailə qurublar. Cütlüyün bir övladı var.




