Son illər internetdə sağlamlıqla bağlı məlumatların əlçatan olması insanların öz simptomlarını araşdıraraq müxtəlif xəstəliklərə diaqnoz qoymasına səbəb olur. Bir çoxları həkimə müraciət etməzdən əvvəl şikayətlərini axtarış sistemlərində yoxlayır, sosial şəbəkələrdəki məlumatlara əsaslanaraq müalicə üsulları seçirlər. Lakin bu yanaşma bəzən yanlış nəticələrə, əsassız narahatlığa və hətta sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər.
Bəs insanların internetdə özlərinə diaqnoz qoyması nə dərəcədə təhlükəlidir və bu vərdiş hansı risklər yaradır?
Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xəstəyə düzgün diaqnozun qoyulması müalicə prosesinin ən məsuliyyətli mərhələsidir.

Onun sözlərinə görə, diaqnozun dəqiq qoyulması müalicənin effektivliyinə və bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanmasına birbaşa təsir göstərir:
"Bu baxımdan süni intellekt proqramları və digər rəqəmsal platformalar vasitəsilə özünə diaqnoz qoymaq, həkim məsləhəti olmadan müalicəyə başlamaq düzgün deyil. Hər bir xəstəliyin müalicəsi fərdi yanaşma və düzgün tibbi qiymətləndirmə tələb edir. Məsələn, revmatoid artritin müalicəsində istifadə olunan preparatlar kifayət qədər ciddi təsirə malikdir.
Ümumiyyətlə, bir çox xəstəliyin müalicəsində tətbiq edilən dərmanların orqanizmə təsirləri və yan təsirləri var. Ona görə də bu preparatları həkim nəzarəti olmadan qəbul etmək əlavə fəsadlara səbəb ola bilər. Təəssüf ki, bu gün bir çox insan internetdə və müxtəlif proqramlarda əldə etdiyi məlumatlara əsaslanaraq özünü müalicə etməyə çalışır. İnsanlar unutmamalıdırlar ki, internetdəki məlumatlar həkim müayinəsini və tibbi diaqnozu əvəz edə bilməz. Hər hansı sağlamlıq problemi olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Əks halda, yanlış müalicə xəstəliyin ağırlaşmasına və düzgün müalicənin gecikməsinə gətirib çıxara bilər".



