Türkiyəli aktrisa Gonca Vuslateri sənətə gəlməsində anasının böyük təsiri olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, o, aktyor Enis Arıkanın Kafa TV-də yayımlanan "Boş Ders" proqramının qonağı olub.
Məşhur aktrisa uşaqlıq illərindən danışarkən anasının övladlarının incəsənət sahəsində fəaliyyət göstərməsini arzuladığını söyləyib. Onun sözlərinə görə, anası hələ kiçik yaşlarından onları teatr tamaşalarına aparır, səhnəarxası mühitlə tanış edirdi.
Vuslateri bildirib ki, anası hətta dərs oxuduğu vaxtlarda da onun gələcək peşəsini aktyorluqla əlaqələndirirdi:
"Anam övladlarının sənət adamı olmasını istəyən qadın idi. Çox kiçik yaşlarımızdan bizi teatrlara aparır, kulislərə salırdı. Riyaziyyat oxuyanda otağıma gəlib deyirdi: ‘Sən onsuz da aktrisa olacaqsan, qızım, niyə riyaziyyat oxuyursan?" Mən də düşündüm ki, aktrisa olacağam və riyaziyyata o qədər vaxt ayırmadım. Nəticədə anamın övladlarından biri aktrisa, digəri isə musiqiçi oldu".
Aktrisa proqramda müğənni Çelikə olan heyranlığından da danışıb. O, yeniyetməlik illərində otağında sənətçinin posterlərini saxladığını və ona böyük rəğbət bəslədiyini deyib.
Vuslateri illər sonra Çelikin konsertində onunla qarşılaşdığını da xatırladıb. Müğənninin onu görərək səmimi şəkildə salamlamasına baxmayaraq, həmin an həyəcanlandığı üçün rahat ünsiyyət qura bilmədiyini etiraf edib.



