YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Adam öldürən şəxs hansı hallarda cəza almaya bilər?

Adam öldürən şəxs hansı hallarda cəza almaya bilər?

İnsan öldürmək ən ağır cinayətlərdən biri hesab olunsa da, qanunvericilikdə bəzi xüsusi hallarda şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyətinin yaranmadığı və ya cəzanın tətbiq edilmədiyi hallar nəzərdə tutulur. Zəruri müdafiə, son zərurət və digər hüquqi hallar bu baxımdan fərqli qiymətləndirilir.

Hansı hallarda insanın ölümünə səbəb olan şəxs cinayət məsuliyyətinə cəlb edilmir?

Demokrat.az-a bu barədə danışan vəkil Vüsalə Muradxanlı bildirib ki, insan həyatının qəsdən alınması ən ağır cinayətlərdən biridir:

Adam öldürən şəxs hansı hallarda cəza almaya bilər?

"Lakin Azərbaycan qanunvericiliyində elə hallar mövcuddur ki, şəxsin hərəkəti nəticəsində insan ölsə belə, həmin əməl cinayət hesab edilməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36–40-cı maddələrində əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilib. Burada xüsusilə zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması və son zərurət halları fərqləndirilməlidir. Birinci hal - zəruri müdafiədir. Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən, şəxs özünün və ya başqa insanların həyatını və sağlamlığını real, ictimai təhlükəli hücumdan qoruyarkən hücum edənə zərər vurarsa və zəruri müdafiə həddini aşmazsa, bu əməl cinayət sayılmır. Məsələn, bir şəxs digərinə bıçaqla hücum edir və zərərçəkən həyatını qorumaq üçün müqavimət göstərir. Nəticədə hücum edən şəxs ölürsə, bu fakt avtomatik olaraq müdafiə olunan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi demək deyil. Araşdırılmalıdır ki, hücum nə dərəcədə təhlükəli idi və müdafiə hərəkətləri həmin təhlükəyə uyğun idimi? İkinci hal - cinayət törətmiş şəxsin tutulmasıdır. Cinayət Məcəlləsinin 37-ci maddəsinə görə, cinayət törətmiş şəxsin səlahiyyətli orqanlara təhvil verilməsi və ya yeni cinayət törətməsinin qarşısının alınması məqsədilə, başqa təsir imkanları nəticə vermədikdə və zəruri hədd aşılmadıqda ona zərər vurulması cinayət sayılmır. Lakin bu, şəxsi cəzalandırmaq və ya ondan qisas almaq hüququ vermir. Üçüncü hal - son zərurətdir. Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən, insan həyatını və ya digər qanuni mənafeləri bilavasitə təhlükədən qorumaq üçün başqa çıxış yolu olmadıqda və son zərurət həddi aşılmadıqda törədilən hərəkət cinayət hesab edilmir. Burada əsas şərt qarşısı alınan təhlükə ilə vurulan zərər arasında qanunun tələb etdiyi uyğunluğun olmasıdır. Lakin xüsusilə vurğulamaq istəyirəm ki, zəruri müdafiə hüququ intiqam almaq hüququ deyil. Əgər hücum artıq başa çatıbsa, təhlükə aradan qalxıbsa və şəxs buna baxmayaraq qarşı tərəfi qəsdən öldürürsə, həmin hərəkət zəruri müdafiə kimi qiymətləndirilməyə bilər.

Vəkil əlavə edib ki, bundan başqa, Cinayət Məcəlləsinin 123-cü maddəsi zəruri müdafiə və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan həddi aşmaqla qəsdən adam öldürməyə görə ayrıca cinayət məsuliyyəti nəzərdə tutur:

"Hər bir belə hadisədə məhkəmə hücumun xarakterini, təhlükənin real olub-olmadığını, tərəflərin davranışlarını, müdafiə vasitələrini, hadisənin başvermə şəraitini və digər sübutları birlikdə qiymətləndirməlidir. Qısa desək, qanun insana özünü və başqalarını müdafiə etmək hüququ verir, lakin bu hüququn da müəyyən hədləri var. İnsan ölümü ilə nəticələnən hər hadisə avtomatik olaraq qəsdən adam öldürmə kimi qiymətləndirilmir. Əsas məsələ həmin ölümün hansı şəraitdə baş verməsi və şəxsin hərəkətinin qanunla müəyyən edilmiş hədlər daxilində olub-olmamasıdır".